BAKI, 15 avqust. TELEQRAF
"Bakı şəhərinin böyüməsi, əhalinin və gündəlik sərnişin axınının artması şəhərin nəqliyyat infrastrukturunun da yenilənməsini və yaranmış tələbatlara uyğunlaşdırılmasını tələb edir".
Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Azər Badamov deyib.
Onun sözlərinə görə, şəhər infrastrukturu daxilində həyata keçirilən hər bir yenidənqurma və təkmilləşdirmə işi müəyyən müddət ərzində insanlar üçün müəyyən çətinliklər yarada bilər: "Lakin bu çətinliklər uzunmüddətli və qalıcı deyil, əksinə, daha rahat və səmərəli nəqliyyat sisteminin yaradılması naminə atılan zəruri addımlardır".

Onun sözlərinə görə, Bakı metrosunda aparılan işlər də məhz bu məqsədə xidmət edir:
"Xüsusilə metro xətlərində mövcud kəsişmələrin aradan qaldırılması, sərnişinlərin giriş-çıxış imkanlarının genişləndirilməsi, stansiyaların müasir infrastruktura uyğunlaşdırılması və qatarların hərəkətinin daha səmərəli təşkili böyük əhəmiyyət daşıyır. Son dövrlərdə yerüstü nəqliyyatda sıxlığın artması ilə yanaşı, metroda da sərnişin sıxlığının əhəmiyyətli dərəcədə artdığını müşahidə edirik. Bu isə insanların stansiyalarda və qatarlarda rahat hərəkətini çətinləşdirir.
Bu baxımdan yaşıl və qırmızı metro xətlərinin bir-birindən ayrılması və onların müstəqil şəkildə, bir-birinin hərəkətinə maneə yaratmadan fəaliyyət göstərməsi vacibdir. Ediləcək dəyişiklik qatarların hərəkətinin daha çevik təşkilinə, intervalların azaldılmasına və nəticə etibarilə daha çox sərnişinə xidmət göstərilməsinə imkan verə bilər.
Təbii ki, belə genişmiqyaslı yenidənqurma işlərinin aparılması üçün müəyyən ərazilərdə və stansiyalarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi qaçılmazdır".
Azər Badamov əlavə edib ki, bu baxımdan, bu gündən etibarən metronun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılması da aparılan yenidənqurma işlərinin zərurətindən irəli gəlir:
"Şübhəsiz ki, bu məhdudiyyət Bakı sakinləri üçün müəyyən narahatlıqlar və əlavə çətinliklər yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, bu, müvəqqəti xarakter daşıyır.
Verilən məlumata görə, təxminən 11 ay ərzində işlərin başa çatdırılması və metro xəttinin fəaliyyətinin yenidən bərpa olunması nəzərdə tutulur. İşlər tamamlandıqdan sonra isə qatarların hərəkətinin daha səmərəli təşkili, sürətin artırılması və qatarlar arasındakı intervalların azaldılması mümkün olacaq. Bu da öz növbəsində metrodan istifadə edən sərnişinlərin sayının artmasına və insanların daha rahat, sürətli və təhlükəsiz şəkildə mənzil başına çatmasına şərait yaradacaq.
Ona görə də hesab edirəm ki, Bakı metrosunda aparılan bu təkmilləşdirmə işləri zəruri və vacib addımdır. Bu proses müəyyən müddət ərzində şəhər sakinləri üçün çətinliklər yaratsa da, həmin çətinliklər müvəqqətidir. Əsas məqsəd isə gələcəkdə daha rahat, sürətli, təhlükəsiz və müasir metro infrastrukturu yaratmaqdır. Düşünürəm ki, Bakı sakinləri də bu məsələyə məhz bu prizmadan yanaşmalı və müvəqqəti narahatlıqları daha keyfiyyətli nəqliyyat sisteminin qurulması naminə zəruri mərhələ kimi qəbul etməlidirlər".
Nəqliyyat eksperti Rövşən Həsənov isə bildirib ki, 60 illik tarixə malik olan metropoliten özündə dəyişikliklər aparır. Onun sözlərinə görə, bu, sıxlığın və intervalın azaldılması istiqamətində atılan müsbət bir addımdır".
Ekspert qeyd edib ki, görüləcək işlər fonunda ekspress marşrutların buraxılması sərnişinlər üçün sevindirici haldır:
"Metronun “Nizami”- “28 May” stansiyaları arasında mövcud olan tunel ləğv ediləcək, əvəzində isə “Nizami”–“Cəfər Cabbarlı” istiqamətində yeni tunel inşa olunacaq. 11 ay ərzində bu istiqamətdə hərəkət məhdudlaşdırılacaq. Digər istiqamətlərdə - “İçərişəhər”- “Həzi Aslanov” istiqamətində qatarlar adi rejimdə hərəkət edəcək. Yəni metronun “28 May” stansiyası bağlanmayacaq. M1-dən M6-ya qədər yeni ekspress avtobus marşrutları artıq xəttə buraxılıb. Sərnişinlər üçün bu sevindirici haldır".

Onun sözlərinə görə, bu işlərə tədris müddətinin başa çatdığı dövrdən başlansaydı, daha yaxşı olardı.
"Düşünürəm ki, sərnişin daşınması üçün M1-dən M6-ya qədər ayrılan ekspress avtobuslarda müəyyən sıxlıqlar müşahidə oluna bilər.
Çünki yerüstü nəqliyyatla metropolitenin hərəkəti tamamilə fərqlidir. Nəzərə alsaq ki, şəhərin infrastrukturu standartlara uyğun olmayan zolaqlardan tutmuş, tikinti norma və qaydalarına uyğun yol enliyinə, avtobus zolaqlarına qədər bir çox hallarda normal vəziyyətdə olmur. Digər sürücülər tərəfindən və yaxud da döngələrdə, işıqforlarda dönməsinə maneələrin yaranması nəticəsində bu ekspress avtobuslar metropoliten kimi işləməyəcək. Yəni, orada sıxlıq və tıxaclar səbəbindən ləngimələr olacaq. Biz ümid edirik ki, işlərin 11 ay davam edəcəyi deyilsə də, daha qısa müddətdə bu məsələ öz həllini tapacaq", - deyə vurğulayıb.