BAKI, 15 avqust. TELEQRAF
Türkiyənin “Qalatasaray” klubu Rusiyanın “Lokomotiv” komandasında çıxış edən yarımmüdafiəçi Aleksey Batrakovun transferi ilə bağlı razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə jurnalist Erol Evcen özünün “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Jurnalist Ali Baransel Moskva klubunun futbolçunun transferi üçün “Qalatasaray”dan 28 milyon avro tələb etdiyini yazıb. Türkiyəli insayder Yağız Sabuncuoğlunun sözlərinə görə, İstanbul təmsilçisi bu məbləği bonuslar da daxil olmaqla ödəməyə hazırdır.
Qeyd edək ki, Aleksey Batrakov “Lokomotiv”in yetirməsidir. O, 2024-cü ildən klubun əsas komandasında çıxış edir.
Rusiyalı futbolçu müxtəlif turnirlərdə 84 oyuna çıxıb, 34 qol vurub və 23 məhsuldar ötürmə edib. O, son iki mövsümdə Rusiya Premyer Liqasının ən yaxşı gənc futbolçusu seçilib.
A.Batrakov Rusiya millisinin heyətində 12 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, daha əvvəl jurnalist Erdem Açıkgöz 21 yaşlı futbolçunun “Qalatasaray”a keçməyə razı olduğunu bildirmişdi. Ardınca “Lokomotiv” Batrakovun satışı ilə bağlı danışıqlar aparmadıqlarını açıqlamışdı.