BAKI, 3 noyabr. TELEQRAF

Oktyabr ayında Bakı metrosunda 16 milyondan çox sərnişin səfəri qeydə alınıb.

“Bakı Metropoliteni” QSC-dən Teleqraf-a bildirilib ki, ay ərzində girişi ödənişsiz olan metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarından ümumilikdə 556 min 424 sərnişin istifadə edib. Bu, sentyabr ayı ilə müqayisədə 64 faiz artım deməkdir.

Oktyabr ayında ən çox sərnişin qəbul edən stansiya “Koroğlu” olub. Belə ki, həmin stansiyanın xidmətlərindən 1 milyon 683 min 32 sərnişin yararlanıb.

Ay ərzində ən yüksək sərnişin axını oktyabrın 20-də qeydə alınıb. Həmin gün metrodan 641 min 442 nəfər istifadə edib. Rəqəmsal ödəniş vasitələrindən istifadədə də artım müşahidə olunub. Belə ki, oktyabr ayında NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 879 min 685 ödəniş həyata keçirilib. Bu, sentyabr ayı ilə müqayisədə 15,9 faiz çoxdur.

Bundan başqa, oktyabr ayında gediş haqqının NFC texnologiyası ilə ödənilməsi bütün ödənişli sərnişinlərin 43,3 faizini təşkil edib.

Sərnişinlər üçün əlçatanlıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən “Əlçatan metro” xidmətindən isə ay ərzində 113 nəfər yararlanıb.