BAKI, 3 noyabr. TELEQRAF

Hindistan Hərbi Dəniz Qüvvələri Somali sahillərində quldurlar tərəfindən əsir götürülmüş İran balıqçı gəmisini və onun 20 heyət üzvünü azad edib.

Teleqraf "Associated Press"ə istinadən xəbər verir ki, əməliyyat 48 saatdan çox davam edib və bazar ertəsi günü Ərəb dənizində başa çatıb.

Hindistanın müdafiə naziri Rajnath Singh-in sözlərinə görə, əməliyyat Mumbaydan 3000 km-dən çox məsafədə həyata keçirilib. Əməliyyata hərbi gəmi, dəniz müşahidə təyyarəsi və dəniz xüsusi təyinatlıları cəlb edilib. Əlavə bir qrup xüsusi təyinatlı Hindistan Hərbi Hava Qüvvələrinə məxsus C-17 hərbi nəqliyyat təyyarəsi ilə daşınıb.

Somalinin şimal-şərqindəki muxtar Puntland bölgəsindəki dəniz polisinin sözçüsü "Associated Press"ə bildirib ki, Hindistan qoşunları 12 şübhəli piratı tərksilah edib, mobil telefonlarını müsadirə edib və sərbəst buraxıblar.

Hindistan Müdafiə Nazirliyi əməliyyatın itki və yaralanma olmadan başa çatdığını açıqlayıb.