Ötən gecə müğənni-bəstəkar Murad Arifin Heydər Əliyev Sarayında “Hitmaker” adlı solo konserti baş tutub.

Teleqraf.com xəbər verir ki, gecəyə xüsusi hazırlaşan müğənni konsertdən öncə media nümayəndələrinin suallarını cavablayıb: “Həyəcan var. Bu da məsuliyyətdən irəli gəlir. Gecə-gündüz hazırlaşdıq ki, qonaqlar üçün unudulmaz konsert proqramı təqdim edək. Düşünürəm ki, buna nail olduq. Sürprizli, bol əyləncəli, gözəl ifalı bir “Hitmaker” olacaq”.

Murad Arif Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov son günlər tənqid olunan "qadınlar hər sahədə kişilərdən geridədir" fikirlərinə də münasibət bildirib: "Konseptdən uzaqlaşmaq istəmirəm, amma bunu deyəcəm. İnsanlıq əsrlərdir patriarx bir dünyada yaşayır. Yalnız bu səbəbdən, kişilər cəmiyyətdə söz və mövqe sahibi olaraq, müxətlif sahələrdə öndə ola bilib. Bunu tarix bizə söyləyir. Bunu açıqlamaqla Amerika kəşf etmiş olmuruq. İstənilən sahədə, bəylər öndədirsə, demək, müəyyən düzən buna zəmin yaradıb. Qadınlar isə bəzən kiməsə görə, hansısa səbəbdən öndə görünməsələr belə bütün qəhrəmanlıqların, kəşflərin, nailiyyətlərin arxasında hökmən durur. Çabalarımız xanımlar uğrundadır. Bu bölgülər olmasın. Heç kim heç kimdən üstün deyil".

Muradın konserti sürprizsiz də keçməyib. O, yeni "Superstar" mahnısını əməkdar artist Sevda Ələkbərzadə ilə ifa edib.

Səhnəyə eyni zamanda əməkdar artist Lalə Məmmədova, müğənnilər Elnarə Xəlilova, Dilarə Kazımova da çıxıb. Onların Murad Ariflə duetləri alqışlarla qarşılanıb.

Murad Arif ənənəsinə sadiq qalaraq tamaşaçıların arasına enərək onlarla fotolar çəkdirib, birlikdə mahnılarını ifa edib. Torpaqlarımızın düşmən tapdağından azad edilməsindən danışan Murad Arif konserti “Şuşam” mahnısı ilə yekunlaşdırıb.

Qeyd edək ki, Murad Arifin konsertində bəstəkarlar Gövhər Həsənzadə, Vaqif Gərayzadə, iş xanımı Ruhiyyə Əliyeva, xalq artistləri Zülfiyyə Xanbabayeva, Murad Dadaşov, əməkdar artist Bəhram Bağırzadə, müğənnilər İlhamə Qasımova, Nura Suri, aparıcılar Leyla Quliyeva, Kamilə Babayeva yer alıb.