BAKI, 13 avqust. TELEQRAF

“Çox gərgin, stressli oyun idi. Qarşımızda məğlub olmaq istəməyən bir rəqib var idi. Buna baxmayaraq, həm topla, həm də topsuz çox düzgün işlər gördük və çox vacib qələbə qazandıq”.

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Dinamo Kiyev”lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis ilk növbədə futbolçularını təbrik edib:

“İlk növbədə futbolçularımı təbrik edirəm. Çox gərgin, stressli oyun idi. Oyunun bəzi dəqiqələrini çıxmaq şərtilə, tam olaraq oyunun içində oldular. Qarşımızda məğlub olmaq istəməyən bir rəqib var idi. Buna baxmayaraq, həm topla, həm də topsuz çox düzgün işlər gördük. Futbolçular meydanda düzgün davrandılar və çox vacib qələbə qazandılar.

Azarkeşlərimizə təşəkkür edirəm. Doğrudan da, keçən həftə fikirlərimi bildirəndə demişdim ki, sanki ötən il Çempionlar Liqasının qrup oyunlarında olan ab-hava, möhtəşəm birlik bu gün də stadionda var idi. Bizə inandılar, güvəndilər. Hər birinə çox sağ ol deyirəm, təşəkkür edirəm.

Əlbəttə, rəqibə də uğurlar arzulayıram. Belə bir rəqibə qarşı oynamaq və qalib gəlmək bizim üçün çox xoş oldu. Bakıda bizim kimi “Dinamo Kiyev” azarkeşi olanlar çoxdur. Biz özümüz də uşaq vaxtı “Dinamo Kiyev”ə çox azarkeşlik etmişik. Ümumilikdə həm maraqlı görüş oldu, həm də çox vacib qələbə qazandıq”.

Qurbanov komandasının əvvəlki görüşlərlə müqayisədə daha yaxşı çıxış etdiyini bildirib:

“Çox fərq var idi. Bu gün həm daha aktiv idik, həm pressinqimiz daha düzgün və daha yaxşı alınırdı, həm də topla daha düzgün, doğru və daha sürətli davranırdıq. Yaxşı hücumlar qururduq. Ümumiyyətlə, rəqibi topsuz qoymağa çalışırdıq.

Sadəcə ikinci hissədə bir qədər dəyişikliklər oldu. İstər-istəməz belə isti hava şəraitində 90 dəqiqə tempi saxlamaq heç də asan deyil. Amma hazırlıq zamanı üzərində işlədiyimiz çox şey var idi. Onları meydanda gördük və mən razı qaldım. Yəni bizim tərəfimizdən dəyişiklik var idi”.

Baş məşqçi qapıçı mövqeyində edilən dəyişiklik və Mateuş Koxalskinin komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Oyunu məni qane edir. Ayrılması ilə bağlı isə heç bir fikir, heç bir danışıq yoxdur. Sadəcə bir az yazılar var idi, amma belə bir şey yoxdur. Bəzən futbolçular üçün elə oyunlar, elə anlar olur ki, istirahət daha faydalı olur".

Qurbanov avrokuboklarda əvvəlki görüşlərlə müqayisə apararaq hər matçın özünəməxsus dəyərinin olduğunu söyləyib:

“Qələbə olanda həmişə daha çox razı qalırsan. Amma ilk iki oyunda da yaxşı oyun quruculuğumuz var idi. Həm Bakıdakı, həm də səfərdəki oyunda bunu gördük. Sofiyadakı görüşdə isə daha çox xarakter, daha çox döyüşkənlik göstərdik. Orada 120 dəqiqə daha möhkəm idik və futbolçular 120 dəqiqə meydanda dözdülər. Baxmayaraq ki, bəzi problemlərimiz var idi.

Hər oyunun öz dəyəri, öz keyfiyyəti var. Sadəcə qələbə bəzən çox şeyi üstələyir. Bu gün də desəm ki, oyundan tam razıyam, yox. Əlbəttə, daha yaxşı oynamaq, daha yaxşı nəticə əldə etmək istəyirik. Amma ümumilikdə getdikcə çox şey yaxşıya doğru olacaq”.

“Qarabağ”ın çalışdırıcısı növbəti rəqib “Tvente” barədə də danışıb:

“Düzü, “Tvente”nin oyununa baxmamışam. Sadəcə qollara baxmışam. 6:0 hesabı ilə başa çatan oyundakı qolları izləmişəm. Yaxşı qollar vurdular, yaxşı hücumları var idi. Sırf Hollandiya futboluna xas hücumlar və qollar idi.

Bu komandaya qarşı oynamaq bizim üçün yenə xoş olacaq. Çünki biz ilk dəfə qrup mərhələsinə məhz bu rəqib üzərində qələbə qazanaraq düşmüşük. İkinci dəfə də üçüncü raundda onları keçmişdik.

Amma Hollandiya çempionatının komandasıdır. Topa çox yaxşı nəzarət etməyi sevən və bacaran kollektivdir. Ola bilər ki, bu oyun barədə bir az daha çox düşünməli olacağıq. Ola bilər ki, həm topla, həm də topsuz daha çox hərəkətli olmaq lazım gələcək. İnşallah, vaxtımız olacaq. Rəqibi yaxından tanıdıqdan sonra fikirlərimi daha dəqiq bildirə biləcəyəm”.

Qurbanov Elvin Cəfərquliyevlə bağlı suala isə zarafatla cavab verib:

“Elvinə gələndə, mənə görə düzəlib. Bəlkə daha çox asfaltda məşq etməlidir ki, lap düzəlsin. Elvin də elə danışır. Amma asfaltda məşq etməyib. Məncə, normaldır. Ola bilər, fərdi şəkildə gedib asfaltda məşq edib, bilmirəm. Amma ümumilikdə faydası olacaqsa, onu tez-tez asfalta göndərərik”.

“Qarabağ”ın baş məşqçisi “Sabah”ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsini də yüksək qiymətləndirib:

“İlk növbədə, əlbəttə, yenə “Sabah”a uğurlar arzulayıram. İnanın ki, belə komandalar, belə nəticələr olmasa, yerli futbolumuz inkişaf etməz. İlk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaq, ilk ilində buna nail olmaq, əlbəttə ki, böyük uğurdur. Digər tərəfdən həm oyun, həm də nəticə çox sevindiricidir.

Mən dəfələrlə fikirlərimi bildirmişəm ki, “Sabah” öz işini çox planlı şəkildə qurub. Gələcəyi düşünərək ildən-ilə daha yaxşı, daha keyfiyyətli olmağa çalışırlar. Bu, həm bizə, həm digər komandalarımıza motivasiya verir, ümumiyyətlə, Azərbaycan futboluna böyük inam qazandırır.

Əgər biz illər boyu şansımızdan istifadə edib həm Çempionlar Liqasının, həm Avropa Liqasının, həm də Konfrans Liqasının qrup mərhələsində oynamışıqsa və bu gün “Sabah” həmin nəticəni təkrar edirsə, bundan əvvəl də “Neftçi”, “Qəbələ” bunu bacarıbsa, belə nəticələr illər boyu davam etsəydi, üç-dörd il ardıcıl olsaydı, digər klublar daha inamlı olardı. Sponsorlar da futbola daha tez cəlb edilərdi.

Bu gün belə nəticələr varsa, Azərbaycanda futbola maraq da var. “Sabah”ın cavab oyununda stadion dolu idi. Çox xoş mənzərə idi. Bunu görən digər komandalarımız, klublarımız istər-istəməz həvəslənirlər. Bunun ancaq faydası var. Biz “Sabah” komandasına və rəhbərliyinə yalnız təşəkkür edə bilərik ki, belə bir iş qurublar.

Biz məğlub da ola bilərik, qalib də gələ bilərik. Amma əsas odur ki, futbolumuz canlansın. Əsas odur ki, azarkeşlərimiz stadionlara daha çox gəlsinlər. Azarkeşsiz futbol futbola bənzəmir. Bu, aksiomadır.

Hər bir halda, dediyim kimi, bu il hər ikimiz Avropada yolumuza davam edəcəyik. “Sabah” minimum Avropa Liqasının Liqa mərhələsində oynayacaq. Amma inamla, güvənlə gedirlər və inşallah, Çempionlar Liqasının Liqa mərhələsində də oynayarlar.

İki komandamızın Avropada oynaması azarkeşlər üçün daha maraqlı olacaq. Demək olar, iki gündən bir, bir gündən bir Avropa oyunu izləmək hamı üçün – sizlər üçün də, bizim üçün də böyük təcrübə olacaq. “Sabah” rəhbərliyinə də təşəkkür edirəm ki, belə fikirlər səsləndiriblər. Hər iki komandamıza uğurlar”.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə "Qarabağ" pley-off-a vəsiqə qazanıb - 2:1.