BAKI, 14 avqust. TELEQRAF

Misirin paytaxtı Qahirədə yerləşən “Arabella Plaza” ticarət mərkəzində helium balonunun partlaması nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Yeni Qahirənin Beşinci yaşayış massivində yerləşən ticarət mərkəzinin birinci mərtəbəsindəki hədiyyə mağazasında baş verib. Partlayışdan sonra mağazada yanğın başlayıb. (Khaleej Times)

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılardan 11-i Yeni Qahirə İxtisaslaşdırılmış Xəstəxanasına, daha 6 nəfər isə yaxınlıqdakı digər tibb müəssisələrinə yerləşdirilib.

Misirin Daxili İşlər Nazirliyinin məlumatına görə, yanğın nəzarət altına alınaraq söndürülüb. Partlayış və yanğın nəticəsində yaxınlıqdakı bəzi mağazaların fasadlarına da ziyan dəyib.

Təhlükəsizlik qüvvələri hadisə yerini nəzarətə götürüb, partlayışın başvermə şəraiti araşdırılır.