BAKI, 14 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinə aviadaşıyıcılarda elektromaqnit katapult sistemlərindən imtina edərək buxar katapultlarına qayıtmaq barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp bununla bağlı memorandum imzalayıb. Sənəd ABŞ Hərbi Dəniz Qüvvələrini “Gerald R. Ford” sinfinə aid dördüncü aviadaşıyıcı – “USS Doris Miller” və ondan sonra inşa ediləcək gəmilərin layihəsini dəyişdirməyə məcbur edəcək.

Seriyanın ilk üç aviadaşıyıcısı – “USS Gerald R. Ford”, “USS John F. Kennedy” və “USS Enterprise”də isə elektromaqnit katapult sistemi (EMALS) saxlanılacaq.

Mənbələr bildiriblər ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı uzun müddətdir bu dəyişikliyə qarşı çıxır. Buxar katapultlarına keçid gəmilərin layihəsinin ciddi şəkildə yenidən işlənməsini tələb edə bilər. Buna səbəb “Gerald R. Ford” sinfinə aid aviadaşıyıcıların əvvəldən EMALS sistemi üçün layihələndirilməsi və onlarda katapultları işlətmək üçün zəruri buxar xətlərinin olmamasıdır.

“The Wall Street Journal” qeyd edir ki, ABŞ Hərbi Dəniz Qüvvələri illərdir bu addıma qarşı çıxıb və qərarın həyata keçirilməsi əlavə olaraq milyardlarla dollara başa gələ bilər.