BAKI, 14 avqust. TELEQRAF

Ermənistanda müxalif “Şərəfim var” fraksiyasının keçmiş deputatı Martun Qriqoryan iki ay müddətinə həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qriqoryanın vəkili Arsen Babayan sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, qərar Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi tərəfindən qəbul edilib.

“Məhkəmə Martun Qriqoryan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib”, – vəkil bildirib.

Qeyd edək ki, Martun Qriqoryan bundan əvvəl Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin qərarı ilə saxlanılmışdı. Mayın 22-də isə hüquq-mühafizə orqanları Gümrüdə onun evində axtarış aparmışdı.

Qriqoryan əvvəllər “Şərəfim var” fraksiyasından deputat olub, həmçinin iş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyasından deputatlığa namizədliyini irəli sürüb.

Xatırladaq ki, Qaqik Tsarukyan iyulun 7-də iki aylıq həbs edilib. Ona xüsusilə külli miqdarda dələduzluğa yardım və çirkli pulların yuyulması ilə bağlı ittihamlar irəli sürülüb. Siyasətçi barəsində qanunsuz vəhşi heyvan ovuna görə də cinayət işi açılıb.

Hazırda Tsarukyanla əlaqəli 70-ə yaxın şirkətin fəaliyyətinin dayandırıldığı bildirilir. Şirkətlərin əməkdaşları müəssisələrin fəaliyyətinin bərpası tələbi ilə aksiyalar keçirirlər.

“Çiçəklənən Ermənistan” Partiyasının nümayəndələri və müxalif qüvvələr hakimiyyətin bu addımlarını siyasi təqib kimi qiymətləndirirlər.