BAKI, 14 avqust. TELEQRAF

ABŞ üçün İranla qarşıdurmada əsas prioritet neft və benzinin qiymətlərini aşağı səviyyədə saxlamaqdır.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində deyib.

“Mən bilirəm ki, bu gün neft ucuzlaşıb və onun qiyməti münaqişənin əvvəlində qeydə alınan maksimum göstəricilərdən xeyli aşağıdır. Bir nömrəli məqsəd neft və benzini bütün ölkə üzrə amerikalılar üçün ucuz saxlamaqdır”, – Vens bildirib.

ABŞ vitse-prezidentinin sözlərinə görə, Vaşinqtonun ikinci əsas məqsədi İranın heç vaxt nüvə silahına sahib olmamasını təmin etməkdir.

Vens ABŞ-nin hər iki məqsədə nail olacağına əminliyini ifadə edib.

“Mən əminliklə deyə bilərəm ki, fikrimcə, bu münaqişə ABŞ-nin daha güclü mövqedə olması, İranın nüvə silahına sahib olmaması və Hörmüz boğazında vəziyyətin neft və benzinin qiymətlərinin Amerika xalqı üçün sabit qalacağı səviyyəyə qayıtması ilə başa çatacaq”, – vitse-prezident vurğulayıb.