BAKI, 25 may. TELEQRAF

Son beş il ərzində nominal ifadədə aqrar sektora dövlət dəstəyi artıb. Lakin dünyada baş verən hadisələr və logistik zəncirlərdəki qırılmalar istehsal vasitələrinin qiymətinin artmasına gətirib çıxarıb ki, bu da nominal olaraq artan dövlət dəstəyinin real ifadədə azalmasına səbəb olub.

Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

O qeyd edib ki, dövlət dəstəyi mexanizmlərində son illərə qədər vəsaitin əsas hissəsi bitkiçiliyə yönəldilib — bunun 74 faizi bitkiçiliyin, 20 faizi texnika dəstəyinin, cəmi 6 faizi isə heyvandarlığın payına düşüb:

"Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu günə qədər dövlət dəstəyi əsasən sosialyönümlü xarakter daşıyıb. Bu dəstək regionların inkişafına, məşğulluğun artırılmasına və ərzaq təhlükəsizliyinin təmininə istiqamətlənib. Bununla yanaşı, dövlət dəstəyi məhsuldarlığın, fermer gəlirlərinin, aqrar emalın və ixracın artırılmasına da xidmət edir və bundan sonra bu istiqamət daha da gücləndirilməlidir".