Orxan Bayramov: “10 ay ərzində sığorta şirkətlərinin ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz çoxdur”
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 378,9 milyon manat sığorta haqqı toplanıb. Bu isə 2014-cü ilin eyni dövrünə nisbətən 6,5 faiz çoxdur. Sığorta bazarında baş verən bu və digər məlumatları Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 10 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər 140 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz çoxdur. Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-oktyabr aylarında 36,9 manat olub.
Müvafiq dövr ərzində toplanmış sığorta haqlarının 26 faizi və yaxud 98,5 milyon manatı həyat sığortasının payına düşüb.
Orxan Bayramov bildirib ki, həyat sığortasındakı yığımların 58,6 faizi və yaxud 57,7 milyon manatı həyatın yaşam sığortasının, 28,4 faizi və yaxud 28 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11,6 faizi və yaxud 11,4 milyon manatı həyatın ölüm halından sığortasının, 1,1 faizi və ya 1 milyon manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,3 faizi və ya 362 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb: “On ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 35,6 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 25,4 faizini təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 39,5 faiz çoxdur”.
Qeyri-həyat sığortası bazarında isə yığım 3,5 faiz artıb, ödəniş 1,4 faiz azalıb. Bu sahədə ödənişlərin 40 faizi və ya 41,8 milyon manatı tibbi sığortanın, 26 faizi və ya 27,2 milyon manatı avtomobillərin icbari sığortasının, 19,5 faizi və ya 20,3 milyon manatı kasko sığortasının, qalan 14,5 faizi və ya 15,1 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,2 manatı ödəniş edilib. 2014-cü ilin ilk 10 ayında isə bu rəqəm 39,1 manat olub.
Sığorta bazarının 62 faizi könüllü formalaşıb
Tədbirdə bildirilib ki, yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62,3 faizi və ya 236,1 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.
İcbarı sığorta növlərində yığım isə 142,8 milyon manat və ya bazarın 37,7 faiz təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 12,9 faiz böyüyüb.
10 ayda ümumi ödənişin 74,1 faizi və ya 103,8 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 7,3 faiz artıb.
İcbari sığorta növləri üzrə ödəniş isə 36,2 milyon manat və ya ümumi bazarın 25,9 faizini təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 4,6 faiz çoxdur.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə bu rəqəm 42,2 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,4 manatdan 25,4 manata düşüb.
Bəzi sığorta şirkətlərində yığım azalıb
Ümumilikdə 27 sığorta şirkətindən 1-də sığorta haqlarının məbləği 50 milyon manatdan çox, 1-də 40 milyon manatdan çox, 3 şirkətdə 30 milyon manatdan çox, 1 şirkətdə 20 milyon manatdan çox, 5 şirkətdə 10 milyon manatdan çox, 4 şirkətdə 5-10 milyon manat arasında, 6 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 2 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağı olub. Şirkətlərdən 9-da sığorta haqlarının artımı, 18-də isə azalması baş verib.
Ödənişlərin məbləğinə gəlincə, ümumilikdə 27 şirkətdən 1-də ödənişlərin məbləği 20 milyon manatdan çox, 4-də 10 milyon manatdan çox, 5-də 5 milyon manatdan çox, 9-da 1 milyon manatdan 5 milyon manata qədər, 3 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 2 şirkətdə 100 min manatdan 500 min manata qədər, 3 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 16-da sığorta ödənişlərinin artımı, 11-də isə azalması baş verib.
Kasko sığortasında azalma
Sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb. Orxan Bayramov deyib ki, bu növ sığortadan toplanan sığorta haqqı 3 dəfə artaraq 2,7 milyon manat təşkil edib. Bundan başqa, kreditlərin sığortasında yığım 1,5 dəfə artaraq 622 min manat, deputatların icbari şəxsi sığortasında isə 2 dəfə artaraq 104 min manat olub.
Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 31,5 faiz artaraq 57,7 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 7,7 faiz artaraq 362 min manat, tibbi sığortada 2,7 faiz artaraq 60,7 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 5,2 faiz artaraq 28,2 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 36,5 faiz artaraq 1,1 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 4,8 faiz artaraq 28 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 55,5 faiz artaraq 22,9 milyon manat, avtomobillərin icbari sığortasında isə 10,3 faiz artaraq 64,9 milyon manat manat təşkil edib.
On ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortadan daxilolmaların məbləği 94,8 faiz azalaraq 1,2 min manat təşkil edib. Bundan başqa, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada yığım 87,1 faiz azalaraq 3,8 min manata, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 38,7 faiz azalaraq 1,2 min manata düşüb.
10 ay ərzində sığorta ödənişlərinin ən çox azalması isə su nəqliyyat vasitələrinin sığortasında, işçilərin dələduzluğu sığortasında və yanğından icbari sığortada qeydə alınıb. Bu növ sığortalar üzrə ödəniş 100 faiz azalıb. Bundan başqa, sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş 78,1 faiz azalaraq 14 min manat, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 75 faiz azalaraq 2 min manat olub.
Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 29,6 faiz azalaraq 891 min manat, səfər sığortasında 29,1 faiz azalaraq 139 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 29,2 faiz azalaraq 5 milyon manat, kasko sığortasında 13,7 faiz azalaraq 20,3 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 72,1 faiz azalaraq 149 min manat olub.
İstehsalatda bədbəxt hadisələrdən sığortada 5 faiz azalaraq 1,95 milyon manat, daşınmaz əmlakın icbari sığortasında isə 40,5 faiz azalaraq 1 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında ödəniş 75,4 faiz azalaraq 0,9 min manat olub.
Naibə Qurbanova