BAKI, 30 aprel. TELEQRAF
Cari ildə Ombudsmanın müstəqil monitorinqi çərçivəsində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə, eləcə də onların energetik içkilərdən, habelə kiçik elektrik nəqliyyat vasitələrindən istifadəsi ilə bağlı araşdırmalar aparılıb.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, bu sahədə zəruri tədbirlərin görülməsi istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib.
"Bununla yanaşı, uşaqların rəqəmsal mühitdə qorunmasına dair sosial çarx və uşaq hüquqlarına dair maarifləndirici vəsait hazırlanaraq əhali arasında yayılması təmin edilib. Ombudsman öz fəaliyyətində aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, xarici ölkələrin insan hüquqları təsisatları, beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir. Qurumlararası əməkdaşlıq müxtəlif əhali qruplarının, o cümlədən qadın və uşaqların hüquqlarının təmini, ailə, qadın və uşaq məsələləri sahəsində mövcud vəziyyətin təkmilləşdirilməsi baxımından çox önəmlidir", - o vurğulayıb.