BAKI, 30 aprel. TELEQRAF
Qadın məsələləri sahəsində əldə olunan nəticələr xüsusilə diqqətəlayiqdir.
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda deyib.
O bildirib ki, iqtisadi imkanların genişləndirilməsi, sahibkarlıq fəaliyyətinə cəlb olunma və məşğulluğun artırılması istiqamətində müvafiq tədbirlər nəticəsində qadınların iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıb.
"Uşaq siyasəti sahəsində də mühüm irəliləyişlər əldə olunub. Hüquqların qorunması, sosial rifahın yaxşılaşdırılması, təhsil və inkişaf imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində uşaqlar artıq cəmiyyət həyatının fəal və təşəbbüskar üzvlərinə çevrilib. Onların iştirakının artırılmasına əsaslanan layihələr, innovativ təşəbbüslər və sosial proqramlar bu istiqamətdə mühüm rol oynayıb", - o vurğulayıb.
O bildirib ki, müasir dövrdə qarşıda duran çağırışlar da kifayət qədər ciddi və çoxşaxəlidir. Rəqəmsal transformasiya, sosial münasibətlərin dəyişməsi, qlobal təsirlər ailə institutuna və sosial dəyərlərə yeni tələblər irəli sürür.
O qeyd edib ki, güclü ailə olmadan sağlam cəmiyyət qurmaq mümkün deyil.
"Son 20 il ərzində ailə, qadın və uşaq sahəsində vahid dövlət idarəetmə sistemi formalaşdırılıb, normativ-hüquqi baza əhəmiyyətli dərəcədə genişləndirilib, institusional mexanizmlər gücləndirilmiş və bu siyasət real sosial nəticələrlə müşayiət olunub. Bu nəticələrin əldə olunması üçün Dövlət Komitəsi mərkəzi icra hakimiyyəti orqanı kimi öz əlaqələndirici və monitorinq funksiyalarını layiqincə yerinə yetirməyə çalışıb.
Qadınların tam və bərabər iştirakı olmadan inklüziv inkişaf təmin edilə bilməz. Uşaqların hüquqları və rifahı qorunmadan isə gələcəyimizi etibarlı şəkildə qurmaq mümkün deyil", - o vurğulayıb.