BAKI, 24 noyabr. TELEQRAF

"Bu gün kənddən şəhərə axının qarşısını almaq üçün, ilk növbədə bir məsələni açıq şəkildə qəbul etməliyik. İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil. Kənddə yaşamağın həm iqtisadi, həm də sosial baxımdan real üstünlükləri olmalıdır. Kəndlə şəhər arasında müəyyən ödəniş və güzəşt fərqləri yaratmalıyıq. Bir ilə yaxındır ki, bu məsələni müxtəlif platformalarda danışırıq. Deputat həmkarım hörmətli Zahid Oruc da bu məsələni davamlı olaraq gündəmə gətirir".

Teleqraf xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

O qeyd edib ki, kənd sakini işığa, qaza və suya görə şəhər sakini ilə eyni yükü daşımasın: "Kənd əhalisi üçün kommunal xidmətlərdə daha aşağı tariflərin tətbiqi nəzərdən keçirilsin. Bu, sadəcə sosial güzəşt deyil. Bu, kənddə yaşayışı və kənd iqtisadiyyatını stimullaşdıran dövlət siyasətinə çevrilməlidir.

Eyni yanaşma mənzil məsələsində də olmalıdır. Kənddə ev almaq və ya ev tikmək daha əlçatan olmalıdır. Xüsusilə gənc ailə şəhərdən kəndə köçürsə, onun mənzil məsələsində əlavə imkanları yaranmalıdır.

Biznesdə də fərqli şərtlər lazımdır. Kənddə müəssisə yaradan, fermer təsərrüfatı quran, emal sahəsinə investisiya qoyan sahibkara daha əlçatan kredit, faiz güzəştləri və vergi imkanları verilməlidir. İnsan kənddə biznes quranda bilməlidir ki, dövlət onun üzərinə şəhərdəki sahibkarla eyni yükü qoymur.

Amma yalnız güzəşt kifayət deyil. Kənddə yol, internet, su, kanalizasiya, məktəb, tibb xidməti, uşaq bağçası və ictimai nəqliyyat da normal səviyyədə olmalıdır və bu sahədə xeyli addımlar atılıb və o dövlət layihələrinin kompleksləşdirilməsi və bir proqramda birləşdirilməsi lazımdır. İnsan kəndə qayıdırsa, övladının təhsilindən, səhiyyəsindən və gündəlik həyatından narahat qalmamalıdır".

Deputat bildirib ki, kəndlərin inkişafı Dövlət Proqramının hazırlanmasına ehtiyac var: "Bu proqram yalnız kənd təsərrüfatını əhatə etməməlidir. Kənddə yaşayışın bütün tərəflərini – ev, kommunal xidmətlər, məşğulluq, biznes, kredit, sosial xidmətlər və infrastrukturu bir proqram daxilində birləşdirməliyik.

Məqsəd yalnız kənddən şəhərə köçü azaltmaq deyil. Elə şərait yaratmalıyıq ki, şəhərdə yaşayan insan da kəndə köçməyi öz gələcəyi üçün sərfəli və rahat seçim kimi görsün.

Kəndi yaşatmaq istəyiriksə, kənddə yaşamağı üstün seçimə çevirməliyik. Bunun yolu isə çağırışlardan yox, real iqtisadi və sosial üstünlüklər yaratmaqdan keçir".