BAKI, 30 oktyabr. TELEQRAF
Yeni Suraxanı–Hövsan xətti boyunca stansiyalar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub. Xəttdə ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
B. Hacıyev qeyd edib ki, Yeni Suraxanı–Hövsan xətti üzrə layihələndirmə işlərinin 30 faizi yekunlaşıb:
“Bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə 111 mülkiyyətçi qeydiyyata alınıb, onlarla müvafiq protokollar imzalanıb, kompensasiyalar ödənilib. Bu xətt üzrə mühafizə zonasına düşən obyektlərin söküntü işləri başa çatıb, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə çəpərləmə işlərinə başlanılıb.
Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək. Hər stansiyada piyada keçidlərinin, eyni zamanda, avtomobil yolları ilə kəsişmədə bir neçə müxtəlif səviyyəli körpünün inşası nəzərdə tutulur”.