BAKI, 14 oktyabr. TELEQRAF
Energetika sektorunda özəl investisiyalar üçün cəlbedici və şəffaf mühitin formalaşdırılması dövlətin əsas vəzifələrindən biridir.
Teleqraf xəbər verir ki, bu barədə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Enerji səmərəliliyi və investisiyalar şöbəsinin müdiri Mirməhəmmədəli Aslanov III Milli Rəqabət Forumunda çıxışında deyib.
O bildirib ki, energetika sektorunda dövlət tənzimlənməsinin əsas məqsədləri enerji təhlükəsizliyinin təmin edilməsi, sektor subyektləri ilə istehlakçıların maraqları arasında balansın qorunması, eləcə də etibarlı və keyfiyyətli enerji təchizatının təmin olunmasıdır:
“Elektroenergetika, qaz və istilik təchizatı sektorlarında tənzimləmə və rəqabət prinsipləri mühüm əhəmiyyət daşıyır.
Əsas istiqamətlərə rəqabətin təşviqi, inhisarçılığın qarşısının alınması, təbii inhisarların tənzimlənməsi, istehlakçı hüquqlarının qorunması və tariflərin iqtisadi cəhətdən əsaslandırılması daxildir.
Təbii inhisarların səmərəli fəaliyyətinin təmin edilməsi üçün müvafiq tənzimləmə, monitorinq və nəzarət mexanizmləri tətbiq olunmalıdır. Eyni zamanda, əməkdaşlığın əsas məqsədlərindən biri təbii inhisarların sərhədlərinin müəyyənləşdirilməsi və rəqabətə açıq sahələrin özəl sektor üçün əlçatan olmasıdır.
Enerji sektorunda manipulyasiyaların qarşısının alınması, şəffaf bazar mühitinin yaradılması və iqtisadi cəhətdən əsaslandırılmış tariflərin müəyyən edilməsi də vacib məsələlərdəndir”.