BAKI, 14 oktyabr. TELEQRAF

“Prosesin yekununda Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olub-olmayacağı bəlli deyil. Bunu heç kim bilmir - nə Ermənistan, nə Avropa İttifaqı, nə də üzv dövlətlər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda deyib.

“Ermənistanda Avropa İttifaqına üzvlüklə bağlı ciddi müzakirələrə yenicə başlanılıb. 2025-ci ilin yazında Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul etsək də, məsələ ətrafında hələ dərin və hərtərəfli ictimai müzakirələr aparmamışıq. İndi isə Avropa İttifaqının baxışını nəzərdən keçirək, məsələ barədə artıq bir neçə fikir eşitmişik”, - nazir bildirib.

Mirzoyan qeyd edib ki, Ermənistanın qonşu ölkələrlə münasibətləri də burada mühüm amildir:

Gəlin, qonşularımızı sadalayaq.

Azərbaycan: Sülh sazişini yenicə paraflamışıq və ikitərəfli ticarətə başlamışıq. Daşımalar və tranzit üçün bir-birimizin ərazilərini açır, regional kommunikasiyaların blokadadan çıxarılması istiqamətində addımlar atırıq. Bununla belə, həllini gözləyən bir sıra həssas məsələlər hələ də qalır.

Qərbdə Türkiyə yerləşir. Türkiyə ilə çox intensiv dialoq aparırıq. Münasibətlərimizi normallaşdırırıq, amma sərhəd hələ də bağlıdır.

Cənubda İran yerləşir. İran mürəkkəb regional mühit, şərait və problemlərlə üzləşir.

Şimalda isə Gürcüstan və Rusiya yerləşir.

Rusiyaya gəlincə, onun mümkün reaksiyasını və bu ölkə ilə münasibətlərimizin xüsusiyyətlərini təsəvvür edə bilərsiniz. Tarixən Rusiya ilə çox sıx münasibətlərimiz olub və bu gün də güclü əlaqələrimizi qoruyub saxlayırıq. Amma mümkün reaksiyanı lazımi qaydada idarə etmək vacibdir. Heç kim yeni düşmənlər qazanmaq istəmir və bizim heç bir üçüncü tərəfə zərər vurmaq niyyətimiz yoxdur.

Gürcüstana gəlincə, Tbilisi Avropa İttifaqına inteqrasiya yolunu davam etdirsəydi, vəziyyət çox asan olardı. Bu, əhəmiyyətli dəyişikliklərə səbəb olar və müzakirələrin xarakterini də dəyişərdi.

Beləliklə, hesab edirəm ki, yekun məqsədin nə olduğunu heç kim bilmir. Amma yaxşı xəbər budur ki, ən azı mənim təəssüratıma görə, həm Ermənistan, həm Avropa İttifaqı, o cümlədən üzv dövlətlər bu prosesdən məmnundur”.

Mirzoyan əlavə edib ki, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması birbaşa bu məsələ ilə bağlı olmasa da, əgər Ermənistanın istəyi Avropa İttifaqının tamhüquqlu üzvü olmaqdırsa, qonşularla problemlərin və ya münaqişələrin mövcudluğu bu prosesə mane olacaq.