BAKI, 2 oktyabr. TELEQRAF

Ağdam Sənaye Parkının yeni rezidenti tərəfindən yağ istehsalı layihəsi həyata keçiriləcək.

Bu barədə Teleqraf-a İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) məlumat verilib.

Bildirilib ki, “Ağdam Agro Yağ” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Parkın ərazisində investisiya dəyəri 14,2 milyon manat olan yağ istehsalı müəssisəsinin yaradılması planlaşdırılır. Layihə çərçivəsində rafinə edilmiş və rafinə edilməmiş günəbaxan, qarğıdalı, soya və pambıq yağlarının istehsalı nəzərdə tutulur.

Qeyd edək ki, Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən, Ağdam rayonunda 190 hektar ərazidə yaradılıb. Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.