BAKI, 25 sentyabr. TELEQRAF
Ötən yazılarımızda Azərbaycan Cümhuriyyətinin Baş naziri olmuş Nəsib bəy Yusifbəylinin nəvəsi Şahika Kürdəmir xanımın ailəsi ilə bağlı verdiyi qiymətli məlumatları təqdim etmişdik. Mərhum xalq yazıçısı Əzizə Cəfərzadənin arxivini yenidən gözdən keçirərkən Nəsib bəyin qızı Zöhrə Göygöl xanımın ona göndərdiyi bir məktubun mətninə rast gəldik.
Bu məktub Nəsib bəyin şəhid olmasından sonra Azərbaycanda qalan ailəsinin Türkiyəyə mühacirətini, yeni hökumətin rəhbəri Nəriman Nərimanovun ailə ilə bağlı planlarını ehtiva etdiyi üçün olduqca maraqlıdır.
Zöhrə Göygöl 1 may 1908-ci ildə Bağçasarayda doğulub. Erenköy qız liseyini və Ədəbiyyat Fakültəsini bitirib. 1929-cu ildə Cümhuriyyət tələbələrindən Mirzə Göygöllə ailə həyatı qurub. Onların dörd övladı dünyaya gəlib: Səlcuq (1930-1999, İstanbul), Oğuz (1932-2022, Hamburq), Dəmir (1936-22.03.2012, Hamburq) və Şölə (1946; Visbaden). Zöhrə xanım 1969-cu ildə həyat yoldaşı ilə birlikdə Vətəni ziyarət edib. SSRİ-nin dağılmasından sonra isə Əzizə xanım kimi Azərbaycandan Türkiyəyə gedən şəxslərlə görüşüb, ailə arxivlərini istifadə etmək üçün bağışlayıb. Zöhrə xanım 20 iyun 1995-ci ildə ürək xəstəliyindən vəfat edib.
Əziz Cəfərzadə Zöhrə xanımın ona təqdim etdiyi Nəsib bəylə həyat yoldaşı Şəfiqə Qaspıralının məktublarını mətbuatda dərc edib, bu ailənin tanıdılmasında mühüm xidmət göstərib.
Yusifbəyli və Qaspıralı ailəsinin tarixinin öyrənilməsində əhəmiyyətli olan məktubun mətnini təqdim edirik:
***
“Çox möhtərəm Əzizə xanım əfəndi.
Dünən yolladığınız məktubu oxudum və çox həyəcanlandım. Məndən xeyli məlumat istəmisiniz, əlimdən gələn qədər köməklik göstərməyə çalışacağam. Əvvəla mənim şəklimi istəmişsiniz. Təəssüf ki, fotolarım çox azdır. Onsuz da şəkil çəkdirməyi heç sevmirəm.
Sizə yollamışdım, amma o cür portret kimi yox. Yenə də nəsə tapa bilərəm.
Layiq olmadığım halda yenə də məndən bəhs etmisiniz, sağ olun. İndi suallarınıza cavab verməyə çalışacağam.

Anam və atam ayrılmamışdılar. Fəqət anamın bir dostu xoş olmayan hərəkətlər etdiyindən bizi Bağçasaraya gətirdi. Bir müddətlik orada qalmaq istədi. Qürura toxunmuşdu və onu heç bir qüvvə tuta bilmədi.
Atam bir neçə dəfə Krıma gəlib müsafir qalmışdı, o zaman anam çox gənc imiş, yenə də “Aləmi-nisvan” adında bir qadın məcmuəsi çıxarırmış. Bu məcmuənin kolleksiyası Parisdə və Londonda varmış. Məndə yalnız bir nüsxəsi var. Bir türkoloq dostumuzun hədiyyəsidir. Nə isə.
Atam anamla evlənmək istəyib. Eyni zamanda doktor Nərimanov da onu gedib istəmişsə də, o, atamı tərcih etmişdi. O əsnada atam Odessada oxuyurmuş. Bu işdən ötəri doktor Nərimanovla araları pozulmuş. Evləndə atamın Gəncədə olan evində qalırdılar. Bəzən də ziyarət üçün Krıma gedirlərmiş. Nişanlı olduqları zaman çox sıx-sıx məktublaşırlarmış. Həm nişanlı, həm də evlənincə... Bu məktublar hələ də məndədir. Sizə yollamaqda məqsəd o zamanın əhvalı haqqında məlumat bilməyiniz üçündür.
Biz Krımda ikən atam bir adamını yollayıb bizi çağırtdırıb. 1919-cu ildə Bakıya gəldik. Anam Krımda ikən müsəlman türk qadınlarının Moskvadakı konqresində iştirak etmişdi. Təsadüfən atam da orada imiş. Birlikdə vaxt keçiriblər. Bir çox dəyərli adamlarla tanışıblar.
Krıma qayıdanda anam bir qız məktəbi açmaq istəmiş. Bir-iki dostu ilə kənd və şəhərlərə gedərək tələbə yazdırmışlar. Daha sonra qızlar məktəbi açmış. Türkiyədən lazımlı müəllimləri gətirtmişlər.
Bakıya dönüncə anam evimizdə uşaq bağçalarına lazım olan müəllimləri hazırlayan kurslar açdı. Nə yazıq ki, bu həyat uzun sürmədi. Sevgili ölkəmiz rus istilasına uğradı. Atam ən son iclasdan çox yorğun və üzgün döndü. Qapıda sürücüsü Volodya gözləyirdi.
Dedi ki, fələk mənə çox yüksəltdi, fəqət mən dünyanın ən bədbəxt insanıyam. Ondan sonra onu bir daha görmək qismət olmadı və haqqında heç məlumat almadıq. Anam yeni işinə davam etdi. Tələbələr onu çox sevirdi və həp bərabər yaşamağı təklif edirdi. Bir vaxtlar çox çətin dönəm oldu. Heç kəs evində rahat yata bilmirdi. Bəlkə də, bizi qorumaq istəyirdilər.
Bir gün anamı doktor Nərimanov çağırdı. Anam çox soyuqqanlılıqla getdi. Ona deyib ki, sizi Zaqatalaya yollamaq istəyirəm, lütfən, düşünün və xəbər edin.
Halbuki anamın fikri sərhədə yaxın bir yer istəməkdi. O əsnada bir nəfər gəlib bizə bir kart verdi. Bu, o zamanlar türk səfiri olan Məmduh Şövkət bəydən idi. Zəfər gününü qutlamaq üçün toplananlar arasında bizi görmək istəmiş. Bu səfir babamın dostlarından biri imiş.
O gün bərabər idik, hər kəs dağıldıqdan sonra demiş ki, Türkiyənin hərbi əsirlərini hər tərəfdən toplamaqla vəzifəliyik. İki ay sonra onları toplayıb vətənə göndərəcəyik. Bunlarla bərabər siz də buradan getməlisiniz. Anam çox pərişan oldu. Çox az paramız, üç-beş altından başqa da heç bir şeyimiz yoxdu. Orada, yəni Ankarada dayımız, Akçora oğlu Yusuf vardı, amma arada da soyuqluq vardı.
İki ay düşündük. Zaman da çox fəna idi. Mən bilxassə heç ayrılmaq istəmirdim. Çox ağladım. Nəhayət, getməyə qərar verildi. Biz cocuq olduğumuz üçün bizim fikrimizi soruşan olmadı. Bir gecə ayrı isim və pasportla yük stansiyasında mal daşıyan vaqonlara mindirildik. Bu, fəci bir yolculuq olmuşdu.
Tam iki həftəyə Batuma gəldik. Türk əsirləri rus qadınlarla evlənmişdilər.
Atam haqqında, bəlkə, bir məlumat alarıq deyə çox çalışdıq, amma heç bir nəticə ala bilmədik.
Qardaşım ali təhsilini bitirmiş, çalışırdı, fəqət, təəssüf ki, onu çoxdan itirmişik.
Bəzi zaman buraya gələn həmvətənlərimizlə görüşür, əlimdən gələn hər şeyi edirəm. Hər biri ilə dost oluram. Onlar da mənə zəng edib görüşürlər. Mənim tanımadıqlarım məni tapıb dərdlərini danışırlar.
Mənim haqqımda yazdıqlarınıza görə çox təşəkkür edirəm. Görüşə bilməyimizi Tanrıdan dilər, salam-hörmətlərimi göndərir, qucaqlayıram. Başqa istəkləriniz varsa, dərhal xəbər verin.
Sizi çox-çox öpər, əmrinizi gözləyirəm.
Zöhra Göygöl
5 oktyabr 1990”