BAKI, 14 avqust. TELEQRAF

“Son bir neçə aydır mənə İvanişvilinin ətrafında aktiv şəkildə belə danışıldığı barədə məlumatlar gəlir: “Əsas odur, bu payızı keçək, sonra həmişə biz hakimiyyətdə olacağıq”. Əslində, payızda nə etməyə hazırlaşdıqları getdikcə daha aydın görünür”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

Eks-prezidentin iddiasına görə, Rusiya hakim “Gürcü Arzusu” partiyasının fəxri lideri Bidzina İvanişvilidən konkret institutsional addımlar atmağı tələb edir:

“Moskva andlara inanmır və yalnız həbslər, eləcə də Gürcüstanı müharibədə günahlandırmaqla müşayiət olunan bəyanatlar onu qane etmir.

Mənə daxil olan yeni məlumata görə, kapitulyant siyasəti nəticəsində küncə sıxışmış İvanişvili yaxın həftələr və aylarda aşağıdakı addımlara hazırlaşır:

Rusiya ilə müqavilə imzalamaq, diplomatik münasibətləri bərpa etmək və ya anti-Qərb paktı yaratmaq;

Abxaziya və Sxinvalidəki (Cənubi Osetiya) qondarma rejimlərlə güc tətbiq etməmək haqqında müqavilə imzalamaq və bununla da onları subyekt (müstəqil dövlət) kimi tanımaq;

Abxaziya dəmir yolunu açmaq;

Gürcüstanın neytrallığını elan etmək.

Bütün bunlar bir neçə ay ərzində həyata keçiriləcək. Bu payız həm də gürcülər üçün həqiqət anı olacaq. Ya indi hamımız birləşəcəyik, əlimizi qaldıracaq və azadlığa layiq olduğumuzu sübut edəcəyik, ya da bir xalq kimi yox olacağıq”.

Saakaşvili qeyd edib ki, bu, həm də “Gürcü Arzusu” hökuməti üçün də həlledici məqamdır:

“Onlar bütün bunları təkcə rusların diktəsi ilə deyil, həm də ona görə planlaşdırırlar ki, onların fikrincə, gürcülər bunu da qəbul etsələr, İvanişvili rejimini qarşıdakı onilliklər ərzində artıq heç nə təhdid etməyəcək.

Bu gün ilkin şərtlər belədir: bəli, gürcülərin 80 faizi “Gürcü Arzusu”na və Rusiyaya nifrət edir, həmçinin insanların əksəriyyəti İvanişvilini hakimiyyətdən uzaqlaşdırmağın mümkünsüz olduğunu düşünür.

Müxalifət də öz oyunları ilə elə bir vəziyyət yaradıb ki, xalq müxalifətin tamamilə satıldığını düşünür. İnsanlar həmçinin hesab edirlər ki, mən İvanişvilini məğlub edə bilərəm, amma eyni zamanda düşünürlər ki, mənə Gürcüstan ərazisinə sərbəst şəkildə daxil olmağa heç kim imkan verməyəcək. Bütün bunlar belədir. Amma bunlar bizə dayanmaq və əllərimizi yanımıza salmaq haqqı vermir.

İndi ümidsizliyə qapılmaq deyil, həlledici payıza hazırlaşmaq vaxtıdır. Özümüzə deməliyik: ya indi, ya heç vaxt”.