BAKI, 14 avqust. TELEQRAF

Son bir həftə ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 940 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

"Bu, Bakı şəhəri Xətai rayonu Vunqtau küçəsi, Sumqayıt şəhəri 4-cü məhəllə və Abşeron rayonu Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində ağacların qanunsuz kəsilməsi nəticəsində olub.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib", - məlumatda qeyd olunub.