BAKI, 14 avqust. TELEQRAF
“Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibə Azov dənizinin ekoloji vəziyyətində dəyişikliklərə səbəb olur, su hövzəsində ənənəvi balıq növləri yox olmağa başlayıb”.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın İşğal Araşdırmaları Mərkəzinin rəhbəri Petro Andryuşşenko məlumat verib.
“Rusiya Azov dənizini öldürdü”, - o bildirib.
Andryuşşenko Rusiyanın Azov dənizində pilenqas ehtiyatlarının 2025-ci illə müqayisədə bir il ərzində təxminən 30 faiz artdığı barədə açıqlamalarına diqqət çəkib. Bunun əsas səbəblərindən biri suyun duzluluğunun artmasıdır. Bu isə həmin balıq növünün təbii şəkildə çoxalması üçün daha əlverişli şərait yaradır.
“Mütəxəssislərin qiymətləndirməsinə görə, 2007-ci ilə qədər Azov dənizinin orta duzluluğu təxminən 10 faiz təşkil edirdisə, hazırda bu göstərici təxminən 15 faizə çatıb. Taqanroq körfəzində - məhz burada Novozovsk və Mariupol yerləşir və işğaldan əvvəl Ukraynaya Azov balıqlarının əsas tədarükçüləri məhz bu ərazilər idi. İndi isə burada duzluluq göstəricisi iki dəfədən çox artıb”, - mütəxəssis vurğulayıb.
Müqayisə üçün, Andryuşşenkonun sözlərinə görə, Qara dənizin duzluluğu təxminən 18 faiz təşkil edir.
Azovda kilkə ehtiyatlarının azalması da davam edir. Bunun səbəbi son illərdə suyun azalması və çay axınının zəifləməsi göstərilir, bu da Azov dənizinin daha da şorlaşmasına gətirib çıxarır.
Andryuşşenko qeyd edib ki, Azov dənizi faktiki olaraq tədricən yeni ekoloji vəziyyətə keçir. Duzluluğun artması balıqların növ tərkibini dəyişir: pilenqas kimi dəniz növləri üstünlük əldə edir, kilkə kimi şirin və şor suda yaşayan növlər isə əlverişli yaşayış şəraitini itirir.
“Kiləkdən başqa, bütün “qırmızı balıq”’ növlərinin - nərəkimilərin, ağbalığın və sudakın məhvini gözləmək lazımdır. Bunun həm dəniz ekosistemi, həm də sənaye balıqçılığının strukturu üçün uzunmüddətli nəticələri olacaq”, - Andryuşşenko əlavə edib.