BAKI, 14 avqust. TELEQRAF

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” Sərhəd Dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Yalama” sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib.

Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin uğurla icra etdirilməsi ilə yanaşı, ölkənin digər bölgələrində də müasir sərhəd infrastrukturunun qurulması və ən qabaqcıl maddi-texniki vasitələrlə təchiz olunması Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə və sərhədçilərə göstərdiyi ali diqqət və qayğının təzahürüdür.

Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili, sərhəd bölmələrinin müasir tələblərə uyğun infrastruktura malik olması, şəxsi heyətin xidmət və sosial-məişət şəraitinin davamlı şəkildə yaxşılaşdırılması Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin əsas istiqamətlərindəndir.

Qeyd olunub ki, yenilənmiş sərhəd komendantlığının istifadəyə verilməsi idarəetmənin çevikliyinin artırılmasına, sərhəd naryadlarının fəaliyyətinin daha səmərəli təşkilinə, qüvvə və vasitələrin operativ idarə olunmasına, eləcə də yarana biləcək təhdidlərə çevik reaksiya verilməsinə əlavə imkanlar yaradacaq.

Mərasimin sonunda şəxsi heyətə dövlət sərhədinin toxunulmazlığının təmin olunması, sərhəd təhlükəsizliyinin etibarlı mühafizəsi və xidməti vəzifələrin nümunəvi icrası istiqamətində uğurlar arzulanıb və xatirə fotoşəkilləri çəkilib.

Tədbirin rəsmi hissəsindən sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Cavid Abdullayev sərhəd komendantlığının inzibati binasında yaradılmış şəraitlə tanış olub.