BAKI, 7 avqust. TELEQRAF
Bakıda bədii gimnastika üzrə 31-ci ölkə çempionatı uğurla yekunlaşıb.
Teleqraf xəbər verir ki, avqustun 4-6-da Bakı Olimpiya İdman Kompleksində təşkil olunan yarışın son günündə yeniyetmələr (2013-cü il təvəllüdlülər) və gənclər (2011–2012-ci il təvəllüdlülər) arasında fərdi proqram üzrə halqa, top, gürzlər və lent alətlərində final çıxışları keçirilib.
Final mərhələsinin nəticələrinə əsasən qaliblər və mükafatçılar müəyyənləşib.
Yeniyetmələr arasında halqa və top hərəkətlərində Amina Novruzova (BGM) qızıl medal qazanıb. Gürzlər və lent üzrə isə Güllüzar Şərifova (OCAQ) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gənclərin yarışında Nur Sadıqova (RKİM) halqa, top və gürzlər üzrə qızıl medallara sahib çıxaraq çempionatın ən uğurlu gimnastlarından biri olub. Lent proqramında isə qızıl medalı Leyla Nemakina (OCAQ) əldə edib.
Üç gün davam edən ölkə çempionatı ərzində gimnastlar fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə bacarıqlarını nümayiş etdiriblər. Final günündə ən güclü idmançılar medallar uğrunda mübarizə apararaq yarışa yekun vurublar.
Sonda qaliblər diplom və medallarla təltif olunublar. Çempionat gənc gimnastların hazırlıq səviyyəsinin qiymətləndirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlıq baxımından mühüm mərhələ kimi dəyərləndirilib.