BAKI, 6 avqust. TELEQRAF
2026-cı ilin birinci yarısında Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsinin tikintisi başa çatıb. Hazırda istismar sınaqları aparılır.
Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2026-cı ilin birinci yarısının yekunlarına dair hesabatında qeyd edilib.
Layihənin birinci mərhələsi üçün tələb olunan əsas avadanlıqların sahəyə çatdırılması artıq tamamlanıb və hazırda quraşdırma işləri plana uyğun irəliləyir. 2026-cı ilin üçüncü rübünə nəzərdə tutulan dövlət elektrik şəbəkəsinə ilk qoşulmanı dəstəkləmək məqsədilə hazırda müfəssəl istismar sınaqlarının planlaşdırılması və həyata keçirilməsi davam edir. Bundan əvvəl isə layihənin istismar sınaqları və işəsalınma mərhələlərinə keçməyə hazır olduğunu təsdiq edən əsas əminlik yoxlamaları uğurla başa çatdırılıb.
Terminal ərazisindən kənarda yerləşən yeni “AzərEnerji” obyektlərinin tikintisi və istismar sınaqları əsasən tamamlanıb. Dövlət elektrik şəbəkəsi infrastrukturu ilə Səngəçal terminalındakı obyektlərin inteqrasiya olunmuş istismar sınaqlarının mərhələli işəsalınma proqramı əsasında həyata keçirilməsi planlaşdırılır.
Layihə üzrə işlərin iki mərhələdə - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələ isə 2028-ci ilin sonunadək başa çatacağı nəzərdə tutulur.
230 milyon dollar dəyərində STEL layihəsi terminalın AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa edilir.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.