BAKI, 7 avqust. TELEQRAF

“Radio Svoboda”nın Ukrayna və Belarus redaksiyaları Belarus ərazisində Ukrayna üçün potensial təhlükə yarada biləcək əsas hərbi obyektlərin interaktiv xəritəsini hazırlayıblar.

Teleqraf xəbər verir ki, xəritənin hazırlanması zamanı peyk görüntüləri və açıq mənbələrdəki məlumatlar təhlil olunub. Nəticədə gələcəkdə mümkün hücum zamanı Ukrayna üçün təhlükə yarada biləcək 150 hərbi obyekt xəritəyə daxil edilib.

Xəritədə hava bazaları və aerodromlarla yanaşı, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı müharibəsinin ilk mərhələsində istifadə etdiyi bəzi obyektlər də yer alıb. Bundan başqa, sursat və yanacaq-sürtkü materialları anbarları, hərbi hissələrin daimi dislokasiya məntəqələri, sərhəd bölmələri, təlim mərkəzləri və poliqonlar da xəritədə göstərilib.

Jurnalistlər həmçinin Belarus ərazisində istifadə olunmadığı hesab edilən keçmiş SSRİ bazalarına xüsusi diqqət ayırıblar. Araşdırma müəlliflərinin fikrincə, bu obyektlər gələcəkdə Belarus ordusu üçün infrastruktur ehtiyatı kimi istifadə oluna bilər. Vurğulanıb ki, Minsk həmin ərazilərdə yeni hərbi bölmələr və ya raket kompleksləri yerləşdirə bilər.

Qeyd edilib ki, interaktiv xəritə mütəmadi olaraq yenilənəcək və Ukraynanın şimal sərhədi istiqamətindən yarana biləcək potensial təhlükələri əks etdirən yeni obyektlərlə tamamlanacaq.