BAKI, 25 fevral. TELEQRAF

2026-cı ilin yanvarında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə ən yüksək qiymət artımı mərkəzi isitmə xidmətində qeydə alınıb. Ötən ilin yanvar ayı ilə müqayisədə bu xidmətin qiyməti 50% artıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvarda hava nəqliyyatı ilə sərnişin daşınması 33,1%, metro ilə sərnişindaşıma isə 20% bahalaşıb.

Bundan əlavə, elektrik enerjisinin təchizatı 10%, kompleks istirahətin təşkili üzrə xidmətlər 9,6%, bərbərxana və kosmetoloji xidmətlərin dəyəri 8,3% artıb.

Məişət cihazlarının təmiri, tibbi və stomatoloji xidmətlərin istehlak qiymətləri indeksləri 7,3% artıb. İcarəçi tərəfindən ödənilmiş icarə haqqının qiyməti 6,9%, paltarların təmizlənməsi, təmiri və kirayəsi 6,5%, restoran və kafelər tərəfindən yeməklə təmin edilmə 6,4%, ayaqqabıların təmiri və ev-məişət xidmətləri 5,6%, təbii qaz təchizatı 5,3%, ödənişli ali təhsil haqqı isə 5,2% bahalaşıb.

Avtomobillərin təmiri 4,7%, dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması 4,2%, telefon rabitəsi xidmətləri 4,5%, mehmanxana xidməti 3,8%, xəstəxana xidmətləri 3,5%, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri 3,2%, avtomobil ilə sərnişin daşınması isə 2,7% səviyyəsində artıb.

Dəniz nəqliyyatı ilə sərnişindaşıma, poçt, soyuq su təchizatı, zibilin daşınması, kanalizasiya xidmətləri və nəqliyyat vasitələrinin sığortası haqqı üzrə qiymətlər dəyişməz qalıb.

Qeyd edək ki, ötən ay əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1 milyard 264,1 milyon manat təşkil edib. Bu, 2025-ci ilin yanvarı ilə müqayisədə 7,6% artım deməkdir.