BAKI, 24 fevral. TELEQRAF
2025-ci ildə Ağdam Sənaye Parkında 32 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib, 145,8 milyon manat investisiya yatırılıb və 1000-ə yaxın daimi iş yeri yaradılıb.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, rezidentlərin sayına görə park artıq ölkədə ikinci yerdədir:
“Ağdam Sənaye Parkında işə qəbul zamanı yerli əhaliyə üstünlük verilir. Hazırda parkda 13 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də ixrac edilir. Sənaye parkında sahibkarlar tərəfindən 1,4 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 62,3 milyon manatlıq hissəsi ixrac olunub.
Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə 19 rezident və 3 qeyri-rezident qeydiyyatdan keçib. Parkda 43,8 milyon manatdan çox investisiya yatırılıb və 100-ə yaxın iş yeri yaradılıb”.