BAKI, 24 fevral. TELEQRAF

2025-ci ilin sonuna kimi İqtisadi Zonaların İnkişafı Agentliyinin idareəetməsində olan sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident qeydiyyatdan keçib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə sahibkarlar tərəfindən 7 milyard manat faktiki sərmayə yatırılıb:

“Zonalarda 82 müəssisə fəaliyyətə başlayıb və 9700-dən artıq daimi iş yeri yaradılıb. 2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilib”.

Seymur Adıgözəlov əlavə edib ki, iqtisadi zonalarda xarici sərmayənin payı da illər üzrə artıb:

“Əgər 2016-cı ildə cəmi 10,4 milyon xarici investisiya cəlb olunmuşdusa, yalnız 2025-ci ildə bu rəqəm 87,9 milyon manat səviyyəsinə çatıb”.