BAKI, 21 fevral. TELEQRAF
Ukrayna Macarıstan və Slovakiyaya neft tranziti üçün öz infrastrukturundan istifadə etməyi təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə "European Pravda" nəşri məlumat yayıb.
Məlumata görə, Ukraynanın Avropa İttifaqı yanında missiyası fevralın 20-də Avropa Komissiyasının aidiyyəti strukturuna məktub göndərib. Məktubda Avropa ölkələrinə, xüsusilə Macarıstan və Slovakiyaya neft tədarükünün təhlükəsizliyinin təmin edilməsi kontekstində Ukraynanın mövcud neft-qaz infrastrukturundan istifadə imkanlarına baxılması təklif olunub.
Qeyd edilib ki, bu logistika ya Ukraynanın neft nəqli sistemi vasitəsilə, ya da dəniz yolu ilə daşınma ilə reallaşdırıla bilər. Belə ki, dəniz limanlarında yüklərin boşaldılması və neftin Odessa–Brodi kəməri ilə Avropa İttifaqına üzv dövlətlərə çatdırılması mümkündür.
Xatırladaq ki, fevralın 13-də “Ukrtransnafta” şirkətinin rəhbərliyi Slovakiya və Macarıstana xammal tədarükünün bərpasına icazə vermədiyinə dair məlumatlar yayılıb.
Fevralın 19-da Avropa Komissiyası Kiyevə dizel yanacağının Macarıstan və Slovakiya tərəfindən tədarükünün dayandırıldığını açıqlayıb. Fevralın 20-də isə Macarıstan hökuməti Rusiya neftinin tranzitinə mane olduğunu əsas gətirərək Aİ-nin Ukraynaya 90 milyard avroluq yardımını dayandırmaq qərarına gəlib.