BAKI, 21 fevral. TELEQRAF
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti altı ay ərzində 32 nəqliyyat vasitəsinə servis xidmətinin göstərilməsi üçün ümumilikdə 5 milyon 413 min 57,34 manat vəsait xərcləyib.
Teleqraf xəbər verir ki, Xidmət "Diamond Motors MMC" və "Toyota Abşeron Center" MMC ilə müqavilələr bağlayıb.
Belə ki, “Diamond Motors” MMC 4 ədəd “Pajero Sport”, 14 ədəd “Outlander” və 7 ədəd L-200 markalı nəqliyyat vasitəsinə istehsalçının zəmanət müddətində servis xidməti göstərəcək. Şirkətlə bağlanmış müqavilənin dəyəri 5 milyon 398 min 464 manat təşkil edir.
“Toyota Abşeron Center” MMC isə 1 ədəd “Toyota Prado”, 1 ədəd “Toyota RAV4”, 1 ədəd “Toyota Hilux Pickup” və 4 ədəd “Toyota Corolla” markalı avtomobilə servis xidməti göstərəcək. Bu müqavilənin dəyəri 14 min 593,34 manatdır.
Qeyd edək ki, “Diamond Motors” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin qanuni təmsilçisi Rəşad Əliyevdir.
Nizamnamə kapitalı 100 min manat olan “Toyota Abşeron Center” MMC isə 2015-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Fərid Hüseynovdur.