BAKI, 20 fevral. TELEQRAF

"Ermənistan ərazisi vasitəsilə Azərbaycanı Naxçıvanla birləşdirəcək Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) regionun logistika xəritəsində mühüm dəyişiklik yarada bilər".

Teleqraf xəbər verir ki, bu barədə “Fitch Solutions”un Azərbaycanla bağlı proqnozunda bildirilib.

Sənədə görə, layihənin əsas hissəsi (74%-i) ABŞ kapitallı strukturlar tərəfindən idarə olunacaq və ödənişli tranzit zonasının inkişafı üçün birgə müəssisə yaradılacaq:

"İnvestorlar TRIPP layihəsinə böyük maraq göstərir. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin regiona səfəri zamanı bir sıra yeni razılaşmaların anonsu verilib. ABŞ kritik minerallar üzrə əməkdaşlığın genişləndirilməsinə, nəqliyyat və gömrük sistemlərinin modernləşdirilməsinə, eləcə də qabaqcıl texnologiyaların ixracına dəstək verməyə hazır olduğunu bildirib. Bununla yanaşı, Vaşinqton İrəvana köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının ABŞ istehsalı olan kiçik modul reaktorlarla əvəzlənməsində yardım göstərməyi təklif edib. Məqsəd ölkənin Rusiyadan asılılığını azaltmaqdır.

Azərbaycanda isə enerji təhlükəsizliyi, dəniz infrastrukturu və logistikanın yenilənməsi üzrə götürülən öhdəliklərin ölkənin regional tranzit mərkəzi kimi rolunu gücləndirəcəyi gözlənilir. İnvestorlar artıq TRIPP dəhlizinə böyük maraq göstərir. Vensin sözlərinə görə, əlaqəli layihələrə “milyardlarla ABŞ dolları” həcmində vəsait cəlb oluna bilər".