BAKI, 9 fevral. TELEQRAF
2025-ci ildə Böyük Qayıdış proqramı çərçivəsində layihələrə 3 milyard 781,9 milyon manat xərclənib.
Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, proqram çərçivəsində layihələr üçün ümumilikdə 4 milyard manat vəsait ayrılıb. Ayrılan vəsait 94,5% icra olunub.
Böyük Qayıdış proqramı üzrə ən çox vəsait nəqliyyat sektoruna yönəldilib. Bu sahədə 2 milyard 18,2 milyon manat vəsait ayrılıb, onun 1 milyard 991,5 milyon manatı istifadə olunub və icra faizi 99% təşkil edib. Sosial sahədə ayrılmış 1 milyard 144,7 milyon manatın 1 milyard 67,4 milyon manatı xərclənib, icra səviyyəsi 93% olub.
“Sair” xərclər üzrə ayrılan 425,7 milyon manat vəsaitdən 382,4 milyon manat istifadə edilib ki, bu da 90%-lik icra göstəricisi deməkdir. Su təsərrüfatı və meliorasiya sahəsində isə 185,8 milyon manatlıq vəsaitin 123,7 milyon manatı xərclənib, 67% icra olunub. Energetika və sənaye sahəsində ayrılmış 132,3 milyon manat vəsait tam icra edilib. Müdafiə və hüquq-mühafizə sahəsində isə 93,4 milyon manatlıq vəsaitin 84,7 milyon manatı istifadə olunub, icra səviyyəsi 91% təşkil edib.
Qeyd edək ki, proqram çərçivəsində ümumilikdə 385 layihə icra olunub. Layihələrin ən çoxu sosial sahənin payına düşür (177 layihə). Nəqliyyat üzrə 56, su təsərrüfatı və meliorasiya üzrə 78, energetika üzrə 19, müdafiə və hüquq-mühafizə üzrə 7, sair sahələr üzrə isə 48 layihə həyata keçirilib.