BAKI, 6 fevral. TELEQRAF
Hindistanın ən böyük neft emalı şirkətlərindən olan "Reliance Industries" altı aydan sonra Venesuela neftinin idxalını bərpa edir.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, şirkət təxminən 2 milyon barel neft alıb. Yükün ölkəyə çatdırılıb-çatdırılmadığı hələ dəqiq bilinmir. Bu ABŞ-nin yanvarda Venesuela prezidenti Nikolas Maduronu qaçırmasından sonra Hindistanın Venesueladan neft idxalı üzrə ilk müqaviləsidir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Hindistanın Baş naziri Narendra Modinin Rusiyadan neft alışını dayandırmağa və ABŞ-dən, eləcə də Venesueladan idxalına başlamağa razı olduğunu qeyd edib. Bununla belə, Nyu-Dehli hələlik enerji siyasətində hər hansı dəyişikliklə bağlı rəsmi açıqlama verməyib.
Ötən ay “Reuters”in yaydığı məlumata görə, Hindistanın dövlətə məxsus neft emalı şirkəti “Indian Oil Corp” (IOC) Venesuela neftinin “Vitol” və ya “Trafigura” treyderləri vasitəsilə almağı nəzərdən keçirir. Lakin hazırda təklif olunan qiymət Hindistan şirkəti üçün cəlbedici sayılmır və Rusiya neftinin idxalı hələ də daha sərfəli olaraq qalır.