BAKI, 6 fevral. TELEQRAF
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Taxıl Qiymətləri İndeksi yanvarda orta hesabla 107,5 bənd təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesbatında qeyd olunub.
Məlumata görə, bu göstərici dekabr ilə müqayisədə cüzi — 0,2 bənd (0,2 faiz) artım göstərsə də, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 bənd (3,9 faiz) aşağı qalıb.
Yanvarda dünya üzrə buğdanın qiyməti ümumilikdə sabit olub və dekabr ilə müqayisədə cəmi 0,4 faiz azalıb. Avstraliya və Kanadada ixracın artması, habelə Rusiya və ABŞ-də hava şəraitinin əkin sahələrinə təsiri ilə bağlı narahatlıqlar qiymətlərə təzyiq yaratsa da, qlobal təklif bu təsiri kompensasiya edib. Argentina və Avstraliyada məhsuldarlıqla bağlı gözləntilər, eləcə də qlobal ehtiyatların yüksək səviyyədə qalması qiymətlər üzərində aşağı yönlü təzyiqi davam etdirib.
Qarğıdalının qiyməti də eniş trendini qoruyaraq dekabr ilə müqayisədə 0,2 faiz ucuzlaşıb. Argentina və Braziliyada hava şəraiti ilə bağlı risklər, eləcə də ABŞ-də etanol tələbinin güclü olması qiymətlərə müəyyən dəstək versə də, bunlar bazarın mənfi əhval-ruhiyyəsinin dəyişməsinə təsir göstərməyib.
Digər yemlik taxıllar arasında arpanın qiyməti Argentinadan tədarükə olan güclü tələbin təsiri ilə cüzi artıb. Sorqonun qiyməti isə bir qədər geriləyib. Bunun əksinə olaraq, FAO-nun Ümumi Düyü Qiymətləri İndeksi 2026-cı ilin yanvarında 1,8 faiz artıb ki, bu da xüsusilə ətirli düyü növlərinə tələbin artması ilə əlaqədardır.