BAKI, 6 fevral. TELEQRAF
"ƏDV geri al” layihəsi çərçivəsində 19,7 milyon manata yaxın ƏDV istehlakçılara geri qaytarılıb.
Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, 2026-cı ilin yanvar ayı ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 19 milyon 680,2 min manat olub.
2026-cı ilin yanvar ayında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 718,2 min manat təşkil edib.