BAKI, 5 fevral. TELEQRAF
2026-cı ilin yanvar ayında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 2 milyard 50,3 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 50,3 milyon manat çoxdur.
Xidmətdən Teleqraf-a verilən məlumata görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 1 milyard 467,1 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 42,1 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 88,9 milyon manat və ya 6,5 faiz artıb.
Ödənilən vergilərin 71,6 faizi qeyri-neft-qaz sektorunun, 28,4 faizi isə neft-qaz sektorunun payına düşüb.
2026-cı ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 468 milyon manat olub. Bu mənbədən daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz və ya 24,6 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilin yanvar ayına nisbətən 8,2 faiz artaraq 347,5 milyon manata yaxın təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz artıb və 17,2 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,9 faiz artaraq 14,5 milyon manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2025-ci ilin yanvar ayına nisbətən 1 faiz artıb və 80,2 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2,4 faiz artaraq 62,4 milyon manatdan artıq təşkil edib.