BAKI, 5 fevral. TELEQRAF

Son illər bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti ilə bağlı vətəndaşların narazılıqları artmaqdadır. İddialara görə, bu BOKT-lar kredit alanların şəxsi məlumatlarını icazəsiz ələ keçirir, müqavilələrdə faiz və əlavə ödənişləri müxtəlif yollarla artıraraq üzərilərinə əlavə maliyyə yükü qoyur.

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Teleqraf-a açıqlamasında bildirib ki, Azərbaycanda bank olmayan kredit təşkilatlarının sayı təxminən 55-ə yaxındır.

Hüquqşünas sadə dildə izah edərək deyib ki, bu qurumların əsas funksiyası pul alveridir:

“Yəni, BOKT-lar bir qrup şəxsdən aşağı faizlə pul cəlb edərək, digər şəxslərə daha yüksək faizlə kredit verir. Lakin əsas fərq ondadır ki, bank olmayan kredit təşkilatları vətəndaşlardan əmanət qəbul edə bilmirlər. Məhz buna görə də onlar pul köçürmələri və digər bank xidmətlərini göstərmək imkanına malik deyillər”.

Vətəndaşların nə üçün BOKT-lara daha çox üz tutması sualına cavab olaraq Əkrəm Həsənov bildirib ki, səbəb prosesin daha sadə olmasıdır:

“’Hazırda ən geniş yayılmış maliyyə mənbəyi bank əmanətləridir. Bank olmayan kredit təşkilatlarında isə bu cür vəsait yoxdur. Onlar özləri kredit götürürlər, əksər hallarda həmin kreditləri banklardan əldə edirlər. Bu isə o deməkdir ki, vətəndaşın BOKT-dan götürdüyü kredit faktiki olaraq ikinci əldən alınmış kredit sayılır. Buna görə də bu təşkilatlarda faiz dərəcələri daha yüksək olur”.

Hüquqşünas əlavə edib ki, dünya ölkələrinin əksəriyyətində də BOKT-ların sayı banklardan daha çoxdur.

Əkrəm Həsənov BOKT-ların vətəndaşların əlaqə vasitələrinin əldə etməsinə də münasibət bildirərək deyib ki, əgər bu məlumatlar vətəndaşın öz razılığı əsasında əldə olunubsa, bu, qanun pozuntusu hesab edilmir:

“BOKT-un şərti odur ki, vətəndaş ona məlumatlarını versin, o da ona kredit verir. Vətəndaş da bu şərtlə razılaşırsa, proses qanuni sayılır”.

Hüquqşünas həmçinin ödənilən məbləğin müqavilədə nəzərdə tutulan məbləğdən artıq olması halına da aydınlıq gətirib:

“Belə vəziyyətlə üzləşən vətəndaş hüquqlarını müdafiə edə bilər. Vətəndaşdan müqavilədə nəzərdə tutulmayan əlavə ödəniş tutulubsa, bu qanunsuzdur. Vətəndaş Mərkəzi Banka şikayət edə, eyni zamanda məhkəmədə iddia qaldıra bilər. Faiz onsuz da kreditin üzərinə gəlir. Əgər cərimədən söhbət gedirsə, illik maksimum 5 faiz cərimə tətbiq oluna bilər və bu da yalnız 6 ay müddətində hesablana bilər”.

Əkrəm Həsənov bildirib ki, BOKT-lar illik effektiv faiz dərəcəsini açıqlamağa borcludur və bu tələb “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda açıq şəkildə öz əksini tapıb.

Mövzu ilə bağlı deputat Vüqar Bayramov Teleqraf-a açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən vətəndaşın şəxsi məlumatlarının my.gov.az portalı üzərindən əldə olunması və ya həmin məlumatlarla tanışlıq yalnız vətəndaşın öz razılığı əsasında mümkündür:

“Vətəndaş bu icazəni şəxsi profili vasitəsilə təqdim edir və yalnız bundan sonra müvafiq qurumlar, o cümlədən bank olmayan kredit təşkilatları həmin məlumatlara çıxış əldə edə bilərlər. Bu məlumatların üçüncü şəxslərlə paylaşılması qanunvericiliklə qadağandır".

Deputat qeyd edib ki, hazırda bank olmayan kredit təşkilatları tərəfindən hansı məlumatların əldə edilməsi və bölüşdürülməsi ilə bağlı açıq və rəsmi açıqlamalar mövcud deyil:

“Bu baxımdan səsləndirilən iddiaların araşdırılmasına, onların doğru olub-olmamasının dəqiqləşdirilməsinə ehtiyac var. Vətəndaşlara məxsus məlumatlar banklar və ya bank olmayan kredit təşkilatları tərəfindən əldə edilsə belə, bu məlumatlar üçüncü tərəflərlə bölüşdürülə bilməz. Eyni zamanda, həmin məlumatlardan istifadə etməklə vətəndaşdan əlavə vəsait tələb edilməsi də yolverilməzdir. Bank olmayan kredit təşkilatlarının məlumata çıxış imkanları hər hansı ödənişin tələb olunması anlamına gəlmir. Bu məlumatlardan istifadə edərək vətəndaşdan əlavə vəsait tələb edilməsinin hüquqi əsası yoxdur. Eləcə də bu tələblərin hansı mexanizmlə irəli sürüldüyü də qaranlıq qalır”.

Vüqar Bayramov bank olmayan kredit təşkilatları ilə banklar arasındakı fərqlərə də toxunub: “Burda əsas fərq ondan ibarətdir ki, bank olmayan kredit təşkilatları depozit qəbul etmirlər, yalnız kredit verirlər. Banklar isə həm depozit qəbul edir, həm də kredit fəaliyyəti həyata keçirirlər. Əgər vətəndaş müəyyən səbəblərdən ödənişi gecikdiribsə və bunun nəticəsində ondan artıq vəsait tələb olunursa, bu halda Mərkəzi Banka müraciət etməlidir”.