BAKI, 2 aprel. TELEQRAF

"Enerji sahəsində əməkdaşlıq Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasının gündəliyinin mühüm istiqamətlərindəndir. Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinin təmin olunmasına etibarlı töhfə verən ölkə kimi tanınır".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.

"Ənənəvi enerji resursları sahəsində qazandığımız təcrübə və formalaşdırdığımız infrastruktur bu gün yeni əməkdaşlıq imkanları yaradır.

Bu gün Azərbaycan qazını alan ölkələrin sayı artıq 16-ya çatıb. Bununla da Azərbaycan boru kəmərləri ilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada ilk sırada qərarlaşıb. Lakin bizim enerji siyasətimiz yalnız karbohidrogen resursları ilə məhdudlaşmır. Azərbaycan hazırda yaşıl enerji gündəliyini fəal şəkildə təşviq edərək bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir.

Azərbaycanın, eyni zamanda Özbəkistan və Qazaxıstanın bərpaolunan enerji potensialından faydalanmaqla regionlararası əlaqələrin inkişafı əməkdaşlığımızın əsas istiqamətlərindən biridir.

Bu baxımdan Qırğızıstanın Avropaya yaşıl enerjinin ixracı üzrə əməkdaşlığa qoşulmaq niyyətini alqışlayırıq", - deyə qeyd edib.