BAKI, 3 aprel. TELEQRAF
"The New York Times" qəzetinin verdiyi məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ikinci qırıcı təyyarə cümə günü Fars körfəzində qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, iki ABŞ rəsmisi pilotun sağ-salamat xilas edildiyini bildirib.
Rəsmilərin sözlərinə görə, "A-10 Warthog" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcı təyyarəsinin İran üzərində vurulması ilə eyni vaxtda qəzaya uğrayıb.
İran ordusunun mətbuat xidməti bir saat əvvəl ölkənin hava hücumundan müdafiə şəbəkəsinin Hörmüz boğazı yaxınlığında "A-10 Warthog" hücum təyyarəsinin məhv edildiyini açıqlayıb. Bu barədə "Pars Today" qəzeti məlumat yayıb .
***
23:15
ABŞ-nin vurulan F-35 qırıcı təyyarəsinin ikinci pilotunun tapılması üçün aparılan axtarış-xilasetmə əməliyyatına cəlb olunan "Black Hawk" helikopteri İran səmasında vurulub.
Teleqraf xəbər verir ki, bu barədə "Newsmax" mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, vurulan helikopter İraq sərhədini keçə bilib.
Bu arada, iki ABŞ rəsmisi "Newsmax"a pilotlardan birinin xilas edildiyini və tibbi müalicə aldığını, ikincisinin taleyinin isə məlum olmadığını təsdiqləyib. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Qeyd edək ki, bir müddət əvvəl Amerikanın "CBS News" televiziya kanalı İran üzərində vurulan ABŞ qırıcı təyyarəsinin iki heyət üzvündən birinin xilas edildiyini iddia etmişdi.