BAKI, 4 fevral. TELEQRAF
"Son 6 ayda biz uçot dərəcəsini yumşaltmaq istiqamətində irəliləyirik. Fiziki şəxslərin manatla müddətli yeni depozitlər üzrə orta faizi 0,11 faiz bəndi azalaraq 9,5%-ə enib".
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
O qeyd edib ki, hüquqi şəxslər müddətli yeni depozitlər üzrə orta faizi 0,78% bəndi azalaraq 5,87%-ə düşüb:
"Fiziki şəxslərə manatla yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 0,48 faiz bəndi azalaraq 20,99%-ə düşüb. Hüquqi şəxslərə verilmiş manatla yeni kreditlər üzrə orta faizlər 0,91 faiz bəndi azalaraq 12,9 faizə geriləyib”.
Mərkəzi Bankın sədri bildirib ki, ümumilikdə göstəricilərdə azalma meyilləri müşahidə olunur və uçot dərəcəsindəki dəyişikliklərin depozit və kredit faizlərinə təsirinin daha aydın görünməsi üçün müəyyən vaxt tələb olunur.