BAKI, 14 yanvar. TELEQRAF

Dünya Bankının hesabatına əsasən, inkişaf etməkdə olan ölkələrin təxminən 25 faizi COVID-19 pandemiyasından əvvəlki - 2019-cu illə müqayisədə hazırda daha yoxsul vəziyyətdədir.

Teleqraf xəbər verir ki, Vaşinqtonda yerləşən qurum bildirib ki, xüsusilə Afrikada yerləşən bir çox aşağıgəlirli ölkə son altı ildə ciddi iqtisadi zərbə alıb.

Hesabatda Botsvana, Namibiya, Mərkəzi Afrika Respublikası, Çad və Mozambik kimi ölkələrin adı çəkilir. Eyni zamanda, Cənubi Afrika və Nigeriya da əhali gəlirlərini artırmaqda çətinlik çəkib.

Dünya Bankının qiymətləndirməsinə görə, qlobal iqtisadi artım pandemiyadan sonra aşağı sürətə keçib və mövcud templər ifrat yoxsulluğun azaldılması və yeni iş yerlərinin yaradılması üçün yetərli deyil. Hesabata əsasən, inkişaf etməkdə olan bazarlarda iqtisadi artımın tempi bu il 4,2 faizdən gələn il 4 faizə enə bilər.

Qurum qeyd edir ki, ABŞ iqtisadiyyatının gözləniləndən daha yaxşı nəticə göstərməsi fonunda qlobal iqtisadiyyat müəyyən dayanıqlıq nümayiş etdirsə də, 2026-cı ildə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün artımın məhdud qalacağı gözlənilir. Avrozona isə geridə qalan region kimi dəyərləndirilir.