BAKI, 3 sentyabr. TELEQRAF

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılan sənaye parklarında fəaliyyət göstərən rezidentlər indiyədək təxminən 2,5 milyard manat dəyərində məhsul istehsal ediblər. Bunun 100 milyon manatdan çox hissəsi ixrac olunub.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.

Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan müəssisələr indiyədək idxal etdikləri maşın, texnoloji avadanlıq və xammala görə 17,5 milyon manat məbləğində vergi və gömrük rüsumları üzrə güzəştlərdən yararlanıblar:

“Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 1 300-dən çox biznes obyektində 1 000-ə yaxın vergi ödəyicisi fəaliyyət göstərir.

Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı təhlükəsiz şəkildə təmizlənmiş torpaqların sənaye fəaliyyəti və özəl investisiyalara necə çevrildiyini göstərən konkret nümunələrdir. Burada sahibkarlar ilkin mərhələdən etibarən tam hazır infrastrukturla təmin olunurlar.

Təhlükəsizlik infrastrukturunun yaxşılaşdırılması və əlverişli investisiya mühiti beynəlxalq investorları da işğaldan azad edilmiş ərazilərə cəlb edir. Türkiyə, Özbəkistan, Litva, İsveçrə, Rusiya, Pakistan və Belarusdan olan investorlar müxtəlif sahələrdə layihələr həyata keçirirlər”.