BAKI, 24 dekabr. TELEQRAF
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişindaşıma fəaliyyətində növbəti rekord qeydə alınıb. Bu il ADY-nin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 10 milyon nəfərə çatıb.
Bu barədə Teleqraf-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
ADY-nin Sərnişin daşımaları departamentinin rəhbərliyi və nümayəndələri Bakı Dəmiryol Vağzalında 10 milyonuncu sərnişin Xuraman Layıcovanı təbrik edib, ona sertifikat və xatirə hədiyyələri təqdim ediblər. Sərnişin göstərilən xüsusi diqqətə görə təşəkkürünü bildirərək ADY-nin müasir qatarları ilə rahat və təhlükəsiz səfərlərin onu dəmir yolu nəqliyyatından müntəzəm istifadə etməyə həvəsləndirdiyini qeyd edib.
Son illərdə ADY-də həyata keçirilən ardıcıl layihələr sərnişindaşıma göstəricilərində davamlı artımı təmin edib. Belə ki, dəmir yolu nəqliyyatı ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə 7,1 milyon, 2024-cü ildə isə 8,5 milyon nəfər təşkil edib. Bu dinamika sərnişinlər üçün yaradılan rahatlıq, təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəlməsinin real göstəricisidir.
2025-ci il ərzində marşrut şəbəkəsinin genişləndirilməsi və yeni xidmətlərin tətbiqi sərnişin axınının artmasında mühüm rol oynayıb. Belə ki, Bakı–Balakən–Bakı marşrutunun bərpa edilməsi, Bakı–Ağstafa–Bakı marşrutunun Qazax stansiyasınadək uzadılması, 32 ildən sonra ilk dəfə Bakı–Ağdam–Bakı istiqamətində reyslərin istifadəyə verilməsi, eləcə də ilk dəfə Gəncə–Mingəçevir xətti üzrə müasir qatarlarla sərnişindaşıma xidmətinin təşkili dəmir yollarını müntəzəm səyahət seçiminə çevirib.
Eyni zamanda, Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət qrafikinin optimallaşdırılması nəticəsində iş günlərində reyslərin sayı 103-ə çatdırılıb. Bu tədbirlər nəticəsində gündəlik sərnişindaşıma 42 min nəfəri ötüb ki, bu da ADY-nin şəhərətrafı daşımalar tarixində daha bir rekord göstərici hesab olunur.
ADY sərnişin daşımalarının təhlükəsiz və səmərəli təşkili, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də qatar heyətinin peşəkar bilik və bacarıqlarının davamlı təkmilləşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.