BAKI, 20 noyabr. TELEQRAF

ABŞ-nin sanksiyalarından sonra "LukOil" beynəlxalq aktivlərinin satışını elan edib.

Teleqraf "RBK"- ya istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi "LukOil" ilə əməliyyatların dayandırılması üçün müddət dekabrın 13-də başa çatır.

Qeyd edək ki, şirkət 27 xarici ölkədə təmsil olunur. "LukOil”in 34 törəmə şirkəti var. Sanksiyada şirkətlərin hər biri qeyd edilməsə də, qadağaların onlara da şamil ediləcəyi istisna deyil. Ən əsası şirkətlərə dollarla əməliyyat aparmaq qadağan olunur. Eləcə də ABŞ vətəndaşlarına, bu ölkədə işləyən şirkətlərə "LukOil" ilə hər hansı ticari və hüquqi əlaqələr qadağan edilir. Bu baxımdan, şirkətin Azərbaycandakı bəzi layihələrdən də geri çəkilməsi mümkündür.

"LukOil" on ölkədə, o cümlədən Azərbaycanda kəşfiyyat və hasilat layihələri həyata keçir. Belə ki, “Şahdəniz” yatağının işlənməsində iştirak (19,99%) edir. Bundan əlavə İraqda – dünyanın ən böyük yataqlarından biri olan "Qərbi Qurna-2" yatağının işlənməsi və hasilatında, Qazaxıstanda – "Karaçaqanak" (13,5%) və "Tengiz" (5%) layihələrində, Özbəkistanda – "Qandım-Xauzak-Şadı" və "Hisar" layihələrinin işlənməsində, Misirdə – "Meleiha" (LUKOIL-un ilk xarici istehsal layihələrindən biri, 24%), "WEEM" və "WEEM Extension"da iştirak edir.

Şirkət Kamerunda – Etinde ərazisində dərin su layihəsində 20%, Nigeriyada – "OML"-140 blokunda dərin su layihəsində 18%, Qanada – "Dərin Su Tano/Cape Three Points" layihəsində, Meksikada – "Amatitlan", eləcə də "Bloklar"da 10, 12, 28% paya sahibdir. BƏƏ-də – Fars körfəzindəki Qaşa konsessiyasında 5% və Konqo Respublikasında – "Marine XII" dəniz layihəsində 25% payı var.

"LukOil" üç ölkədə neft emalı zavodunu idarə edir. Bunlar Rumıniyada "Petrotel Lukoil", Bolqarıstanda "LUKOIL Neftokhim Burgas" və Hollandiyada "Zeland" neft emalı zavodlarıdır (45% paya malikdir).

"LukOil Lubricants" şirkəti isə Avstriya, Finlandiya, Rumıniya, Türkiyə və Qazaxıstanda yağlar, sürtkülər və digər texniki mayelər istehsal edir. Artıq şirkətin Finlandiyadakı törəmə müəssisəsi "TEBOIL" mərhələli şəkildə fəaliyyətini dayandıracağını açıqlayıb.

"LukOil" həmçinin yanacaqdoldurma məntəqələrinə sahibdir. ABŞ, Türkiyə və İtaliyada geniş yanacaqdoldurma məntəqələri şəbəkəsini idarə edir.

Bundan əlavə, "LUKOIL" Xəzər Boru Kəməri Konsorsiumunun ən böyük səhmdarlarından biridir (12,5%).

Son məlumatlara görə, "Lukoil" xarici aktivlərin satışı ilə bağlı bir neçə potensial alıcı ilə danışıqlar aparır. ABŞ-nin neft və qaz nəhəngi "Chevron"nun, eləcə də Rumınyanın şirkətin xarici aktivlərini almağı planlaşdırdığı irəli sürülür.Yeri gəlmişkən, “LukOil”un Azərbaycandakı payına da alıcı axtarması gündəmdədir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, şirkətin Azərbaycandan getməsi mümkündür.

"İlk olaraq “LukOil”un 50%+1 səhm, nəzarət paketinə malik layihələri sanksiya altına düşəcək. Şirkət ""Şahdəniz” də 19,99% paya malikdir. Lakin "Şahdəniz” layihəsinə vəsait necə köçürülücək, şirkət öz vəzifələrini necə həyata keçirəcək, hələ bu açıq sualdır. İkinci tərəfdən, “LukOiL”in Azərbaycanın pərakəndə neft məhsulları bazarında kifayət qədər rolu var. “LukOil-Azərbaycan” QSC-nin bir neft-bazası, 87 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Düşünürəm, dekabrın ilk on günlüyündə tamamilə bu məsələlərə aydınlıq gətiriləcək".