BAKI, 31 oktyabr. TELEQRAF

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Azərbaycan Fintex Assosiasiyasının (AzFina) nümayəndələri ilə görüşüb.

Teleqraf Mərkəzi Bank-a istinadən xəbər verir ki, sədr müavini AzFina-nın yeni İdarə Heyəti üzvlərini və sədrini təyinatları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüş zamanı bu ilin üçüncü rübü üzrə fintex ekosistemində müşahidə olunan meyllər və sektorun inkişaf prioritetləri müzakirə olunub. Daha sonra Mərkəzi Bankın rəqəmsal ödəniş infrastrukturunun əhatə dairəsinin genişləndirilməsi, o cümlədən fintex sektorunda dayanıqlı inkişafın dəstəklənməsi və rəqəmsal innovasiyaları təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslər iştirakçıların diqqətinə çatdırılıb.

Görüşdə həmçinin fintex şirkətləri ilə banklar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair ətraflı fikir mübadilə aparılıb.