BAKI, 17 oktaybr. TELEQRAF
Mərkəzi Bankla Dünya Bankı arasında makroiqtisadi sabitliyin təmin olunması və maliyyə inklüzivliyinin genişləndirilməsi məsələləri müzakirə edilib.
Teleqraf xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov ABŞ-nin Vaşinqton şəhərinə işgüzar səfəri çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşüb.
Görüş zamanı ölkədə makroiqtisadi sabitliyin təmin olunması və maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində Dünya Bankı ilə əməkdaşlıqdan məmnunluq bildirilərək Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsində nəzərdə tutulan təşəbbüslər və həyata keçirilən layihələr müzakirə olunub.
Görüşdə həmçinin dayanıqlı inkişaf məqsədlərinə dəstək istiqamətində əməkdaşlığın uzunmüddətli perspektivdə genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
