BAKI, 14 oktyabr. TELEQRAF

Bu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,8 faiz azalaraq 19,3 min nəfər olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dəniz nəqliyyatı ilə 6 962,9 min ton yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur. Yüklərin 48,1 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 9861,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 7852,3 min tonunu və ya 79,6 faizini tranzit yüklər təşkil edib. Bu il oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 410,2 min ton olub.