BAKI, 9 oktyabr. TELEQRAF
"Rəqəmsallaşan dünyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik artıq təkcə texnoloji məsələ deyil, bu eyni zamanda iqtisadi təhlükəsizlik, dayanıqlı inkişaf və rəqabətqabiliyyətli iqtisadiyyatın əsas alətlərindən birinə çevrilib".
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “CIDC 2025” tədbiri çərçivəsində qeyd edib.
O qeyd edib ki, müxtəlif fəaliyyət sahələrində uğura nail olmaq üçün 3 əsas komponent özünü hər zaman doğrultmaqdadır:
“Tənzimləyici mexanizmlər, alətlər (texniki və texnoloji həllər) və insan kapitalı”.
Elnur Əliyev əlavə edib ki, Rəqəmsal İqtisadiyyat Azərbaycanın qeyri-neft sektorunun inkişafında əsas drayverə çevrilir:
“Rəqəmsallaşma əmək məhsuldarlığını artırır, resurslardan istifadənin səmərəliliyini yüksəldir və yeni iş yerləri yaradır.
Dünya Bankının hesablamalarına görə, rəqəmsallaşma səviyyəsində 10% artım ÜDM-də 1–1.5% artım deməkdir. Lakin bu artım yalnız etibarlı və təhlükəsiz rəqəmsal mühitdə mümkündür. Deməli, kibertəhlükəsizliyə artan xərclər kateqoriyası kimi deyil, iqtisadi dayanıqlığa sərmayə kimi baxılmalıdır.
Beynəlxalq analitiklərin hesablamalarına görə qlobal səviyyədə 2024-cü ildə kiberhücumların iqtisadi zərəri 8 trilyon ABŞ dollarını ötmüşdür, 2025-ci il üçün isə bu xərclərin 10 trilyon ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır. Azərbaycanda rəqəmsal hökumətə və rəqəmsal iqtisadiyyat keçidi təmin edən lokal və qlobal informasiya sistemləri arasında inteqrasiyaların mövcudluğunu nəzarə alsaq rəqəmsal təhlükəsizlik üzrə həllərin, kadr potensialının formalaşdırılması iqtisadi təhlükəsizliyin təmin edilməsi baxımından da önəmlidir”.